REGİONLAR


Masallıda şəhid baş leytenant Sahib Şirəliyevin adını daşıyan bulaq abidə-kompleksi istifadəyə verilib

Masallı, 20 oktyabr, Bağır Əliyev, AZƏRTAC

Masallı rayonunun Ərkivan qəsəbəsində Vətən müharibəsində qəhrəmanlıqlar göstərərək şəhidlik zirvəsinə ucalmış baş leytenant Sahib Şirəliyevin doğum günündə onun adına inşa edilmiş bulaq abidə-kompleksi istifadəyə verilib.

Bu münasibətlə keçirilən mərasimdə rayon rəsmiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, qəsəbə sakinləri və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, mərasimdə torpaqlarımızın işğaldan azad olunması uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Bulaq-abidə kompleksinin açılış mərasimində çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı şanlı Qələbənin tarixi əhəmiyyətindən danışaraq bildirib ki, ötən ilin sentyabr ayında Vətən müharibəsinin başlanması ilə əlaqədar ölkəmizdə elan edilən qismən səfərbərlik çağırışını böyük ruh yüksəkliyi və coşqu ilə qarşılayan masallılılar bu gün qürurlanmaqda, başlarını dik tutmaqda haqlıdırlar. Sahib Şirəliyev kimi igid oğullarımızın sayəsində Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə Zəfər gününü tarixə yazdıq. Bizə Qələbə sevincini yaşadan şəhidlərimizin xatirəsi xalqımızın qəlbində daim yaşayacaq.

Xüsusi təyinatlı qrup komandiri, şəhid Sahib Şirəliyevin döyüş yolundan, Vətənə vurğunluğundan danışan Müharibə, Əmək və Silahlı Qüvvələri Veteranları Təşkilatı rayon şöbəsinin sədri Məmmədağa Şiriyev, ağsaqqal Mirkərim Əliyev Vətən müharibəsində şəhidlərin qanının yerdə qalmadığını, Sahib kimi igidlərimizin şərəfli ömür yolunun gənclərə nümunə olduğunu bildiriblər.

Şair Həsən Qaradağlı şəhid zabitə həsr etdiyi şeirini oxuyub.

Şəhid Sahib Şirəliyevin atası Yusif Şirəliyev ölkəmizdə şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlığını bildirib.

Tədbirdə məktəblilər Vətənə, ordumuza, şəhidlərimizə həsr olunan şeirlər söyləyiblər.

Abidə-bulağın açılışından sonra igid Vətən oğlunun qəsəbə qəbiristanlığında yerləşən məzarı ziyarət edilərək önünə tər qərənfillər düzülüb, ruhuna dualar oxunub, xatirəsi ehtiramla yad edilib.

Qeyd edək ki, şəhid baş leytenant Sahib Yusif oğlu Şirəliyev Azərbaycan Respublikası Prezidentinin Sərancamları ilə ölümündən sonra “Azərbaycan bayrağı” ordeni, “Vətən uğrunda” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.