REGİONLAR
Masallıda şəhid mayor Anar Novruzovun xatirəsinə həsr olunmuş onlayn şahmat turnirinə yekun vurulub
Masallı, 14 may, Bağır Əliyev, AZƏRTAC
Masallı Rayon Gənclər və İdman İdarəsinin, Uşaq Gənclər İdman Şahmat məktəbinin birgə təşkilatçılığı ilə ötən il iyulun 13-dən 14-ə keçən gecə Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən döyüşlər zamanı şəhid olmuş mayor Anar Novruzovun anadan olmasının 45-ci ildönümünə həsr olunmuş yeniyetmə və gənclər arasında keçirilən şahmat üzrə onlayn turniri başa çatıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, iki gün davam edən turnirin yekun nəticələrinə əsasən qızlar arasında Səma Sadıqzadə birinci, Zeynəb Quliyeva ikinci, Lalə Ağacanova üçüncü yerlərə layiq görülüblər.
Oğlanlar arasında isə Mirseyidəli Talibzadə, Dadaş Dadaşov və Fuad Ağacanov müvafiq olaraq mükafata layiq yerlərə sahib olublar.
Qaliblər Masallı Rayon Gənclər və İdman İdarəsi tərəfindən diplom və medallarla mükafatlandırılıblar.
Mükafatlandırma mərasimi başa çatdıqdan sonra sonra Masallı Rayon Gənclər və İdman İdarəsinin, Uşaq Gənclər İdman Şahmat məktəbinin əməkdaşları, turnirdə qalib gəlmiş şahmatçılar şəhid mayor Novruzov Anar Gülverdi oğlunun məzarı önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.