REGİONLAR


Masallıda sənaye məhsulları istehsalının həcmi 25 faiz artıb

Masallı, 17 may, Bağır Əliyev, AZƏRTAC

Masallıda keçirilən hesabat yığıncağında 2019-cu ilin birinci rübündə rayonun sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr müzakirə edilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hesabat məruzəsində və çıxışlarda ilin birinci rübünün Masallı rayonunda sosial-iqtisadi inkişaf göstəricilərinə görə uğurlu olduğu diqqətə çatdırılıb.

Bildirilib ki, Viləş çayının Masallı şəhərinin daxilindən keçən 7 kilometrlik hissəsində 50 hektara yaxın ərazidə meşə-parkın, 6,6 hektara yaxın ərazidə park-bulvar kompleksinin salınması ilə əlaqədar ilkin olaraq Viləş çayı yatağının sel və daşqın sularından mühafizəsinin təmin edilməsi işlərinə, Masallı-Yardımlı avtomobil yolunun üzərində yerləşən yeganə əsas körpünün beton bünövrəsinin zədələnməsinin qarşısının alınmasından ötrü yatağın beton məcraya salınmasına başlanılıb və bənd boyu hər iki tərəfdə drenaj şəbəkəsi çəkilib.

Şəhərin Baş planında Viləş çayının şəhər ərazisindən keçən hissəsi rekreasiya zonası kimi nəzərdə tutulduğundan həmin ərazilərin təmizlənməsi, yaşıllıqların salınması və ağacların əkilməsi işləri davam etdirilib. Artıq 20 hektara yaxın ərazidə meşə zolağı salınıb.

Layihə sənədlərinə əsasən park-bulvar kompleksində uşaq-əyləncə mərkəzi, idman qurğusu, “Masallı evi”, səhnə, istirahət və iaşə obyektləri, 2 fəvvarə, istirahət yerləri, çay üzərində 3 piyada körpüsü, yeraltı içməli su anbarı, nasosxana, yanğın əleyhinə su anbarının tikilməsi nəzərdə tutulub.

Bu dövrdə şəhərin Heydər Əliyev prospektində yeni çoxmənzilli yaşayış binasının və rayon məhkəməsinin yeni inzibati binanın tikinti işləri davam etdirilib.

Sənaye məhsulları istehsalının həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 25 faiz artaraq 15,4 milyon manata, kənd təsərrüfatı məhsullarının həcmi 5,3 faiz artaraq 18,1 milyon manata çatdırılıb. Əhaliyə göstərilən pullu xidmətlərin həcmi 2,1 faiz artaraq 21,2 milyon manat olub. Birinci rübdə rayonda adambaşına düşən pul gəlirləri 2496 manat, bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı 304 manat təşkil edib.

Diqqətə çatdırılıb ki, işaxtaran və işsiz vətəndaşların məşğulluğunun təmin edilməsi məqsədilə ilin birinci rübündə “DOST” İş Mərkəzində 685, “Azəriqaz”da 118, “Azərişıq”da 55, “Azərenerji”də 5, Masallı Rayon Meşə Mühafizəsi İdarəsində 18, həmçinin “Azərsun” və “Fəxrəddin K” şirkətlərində yeni iş yerləri açılıb. İlin birinci rübündə Masallı Rayon Məşğulluq Mərkəzində 2353 nəfər qeydiyyata alınıb. Onların 824-ü qadınlardır. Qeydiyyata alınmış vətəndaşların 735 nəfəri işlə təmin olunub.

Rayonda 2500 hektara yaxın tərəvəz-bostan bitkiləri əkilib. Kümçülərə 120 qutu ipəkqurdu paylanılıb və 5 ton yaş barama təhvil verilməsi proqnozlaşdırılır.

Hesabat yığıncağında çıxış edən Masallı Rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin rəisi Seymur Nuriyev, rayon mərkəzi xəstəxanasının baş həkimi Cəlil Nəzərov, “Viləşçay” Su Anbarı İstismarı İdarəsinin müdiri Mahir Əliyev və başqaları 2019-cu ilin birinci rübündə görülən işlər və qarşıda duran vəzifələrdən danışaraq, mövcud problemlərlə bağlı təkliflərini bildiriblər.

Yığıncaqda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Dəyanət Abdullayev iştirak edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.