REGİONLAR
Masallıda sənaye məhsullarının həcmi 16,4 faiz artıb
Masallı, 7 avqust, Bağır Əliyev, AZƏRTAC
Masallı Rayon İcra Hakimiyyətində 2019-cu ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş yığıncaq keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yığıncaqda Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun hesabat məruzəsi dinlənilib. Qeyd olunub ki, bu ilin birinci yarısı Masallı rayonunda sosial-iqtisadi inkişaf göstəricilərinə görə uğurlu olub, yeni iş yerlərinin yaradılması, tikinti-quruculuq, abadlıq işlərinin sürətlə davam etdirilməsi məqsədilə ardıcıl tədbirlər həyata keçirilib.
Rayonda məhsul istehsalı və göstərilən xidmətlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,1 faiz artaraq 389,0 milyon manat təşkil edib. Bu dövrdə sənaye məhsullarının həcmi 16,4 faiz artaraq 30,6 milyon manata, kənd təsərrüfatı məhsullarının həcmi 3,3 faiz artaraq 68,0 milyon manata, əhaliyə göstərilən pullu xidmətlərin həcmi 2,2 faiz artaraq 43,1 milyon manata çatıb.
Bildirilib ki, işaxtaran və işsiz vətəndaşların məşğulluğunun təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırığına əsasən bu ilin altı ayında “DOST” İş Mərkəzində, “Azəriqaz”da, “Azərişıq”da, Masallı Rayon Meşə Mühafizəsi İdarəsində, “Azərsun” ASC və “Fəxrəddin K” MMC-də, ümumilikdə, 900-ə yaxın yeni iş yeri açılıb. Bu dövrdə Masallı Rayon Məşğulluq Mərkəzində 3104 nəfər qeydiyyata alınıb, onlardan 967 nəfəri işlə təmin olunub.
Rayonda iribuynuzlu mal-qaranın sayı 73057 başa, xırdabuynuzlu mal-qaranın sayı 91062 başa, süd istehsalı 25740 tona, ət istehsalı 3581,1 tona, yumurta istehsalı 36205 min ədədə çatdırılıb.
2019-cu ilin məhsulu üçün əkilmiş taxıl sahələrində biçin kampaniyası başa çatdırılıb. 7496 hektar buğda sahəsindən 17392 ton, 2786 hektar arpa sahəsindən 5968 ton məhsul yığılıb. Rayonun tütün sahələrində məhsul yığımına başlanılıb və 214 ton yaş tütün yarpağı toplanılıb. Cari ildə rayona 125 qutu ipəkqurdu gətirilərək 49 kümçüyə paylanılıb, “Azər-İpək” ASC-yə 5318,80 kiloqram yaş barama təhvil verilib.
Qeyd olunub ki, bu ilin birinci yarısında rayonda sosial məsələlərin həllinə diqqət artırılıb, bir sıra infrastruktur layihələri həyata keçirilib. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə otuz səkkiz min nəfər əhalinin yaşadığı 15 yaşayış məntəqəsini birləşdirən 38 min əhalinin yaşadığı Masallı-Köhnə Alvadı-Təzə Alvadı-Güllütəpə-Əmirtürbə-Yeni Zuvand avtomobil yolunun tikintisində asfalt-beton işləri başa çatdırılıb. Yerli əhəmiyyətli Ərkivan-Boradigah-Rüdəkənar, Həsənli-Xımandalı, Masallı-Viləş, Təzəkənd və Hüseynhacılı avtomobil yollarında cari təmir işləri aparılıb. 2019-cu ildə rayonda xalça fabrikinin tikilməsi və regional yun tədarük məntəqəsinin yaradılması, eyni zamanda, şəhər ərazisində 22 yerlik Uşaq-Bərpa Mərkəzinin tikintisi nəzərdə tutulub.
Hesabat yığıncağında çıxış edənlər bu ilin birinci yarısında rayonda sosial-iqtisadi sahədə qazanılmış uğurlardan danışaraq, mövcud problemlərlə bağlı təkliflərini bildiriblər.