REGİONLAR
Masallıda sərtləşdirilmiş karantin rejiminə əməl edilməsinə ciddi nəzarət olunur
Masallı, 30 iyun, Bağır Əliyev, AZƏRTAC
Koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizə məqsədilə Nazirlər Kabinetinin qərarı ilə ölkəmizin bir sıra şəhər və rayonlarında, o cümlədən Masallıda sərtləşdirilmiş karantin rejiminin tətbiqi ilə əlaqədar şəhərin prospekt və küçələri, məhəllədaxili yollar, yaşayış massivləri tam nəzarətə götürülüb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Masallı şəhərinin giriş və çıxışlarında 10 stasionar post qurulub. Bundan başqa, 16 avtopatrul xidməti avtonəqliyyat vasitələrinin hərəkətinə ciddi nəzarət edir.
Rayonun ictimai-iaşə obyektləri, bərbərxanalar, kafe və restoranlar fəaliyyətini tam dayandırıblar. İndiyədək sərtləşdirilmiş karantin rejiminin tələblərini pozan 30-a yaxın sürücü və vətəndaş saxlanılaraq barələrində qanuna müvafiq qaydada tədbirlər görülüb.
Masallı şəhərindəki “ASAN xidmət” Mərkəzi sərtləşdirilmiş karantin rejimində fəaliyyətini davam etdirir. Vətəndaşlar Mərkəzin müvafiq xidmətlərindən yararlanırlar.
Rayonda fəaliyyət göstərən bankların və poçt şöbələrinin qarşısında əhali sıxlığı olsa da, vətəndaşlar tibbi maskalardan istifadə etməklə və sosial məsafə gözləməklə karantin rejiminin tələblərinə ciddi əməl edirlər.
Rayon icra hakimiyyətinin və polis şöbəsinin birgə təşkilatçılığı ilə şəhərin ərazisində vaxtaşırı reydlər keçirilir. Reydlər zamanı karantin qaydalarını pozan vətəndaşlara polis əməkdaşları tərəfindən ciddi xəbərdarlıq olunur, barələrində protokollar tərtib edilərək cərimələnirlər.
Sərtləşdirilmiş karantin rejimi dövründə rayonda keçirilən reydlər zamanı 31 nəfərin tibbi maskadan istifadə etmədiyi, 29 nəfərin yaşayış yerini icazəsiz tərk etməsi müəyyən olunub. Mövcud qaydaları pozan 59 nəfərə xəbərdarlıq edilib, 10 nəfər barəsində isə polis əməkdaşları tərəfindən protokol tərtib olunub.
Ümumilikdə rayon ərazisində karantin rejimi qaydalarını pozduğuna görə 194 nəfər haqqında inzibati protokol tərtib edilib. Həmin şəxslər cərimə olunublar.