REGİONLAR
Masallıda sərtləşdirilmiş karantin rejiminin tələblərinə ciddi riayət olunur
Masallı, 24 iyun, Bağır Əliyev, AZƏRTAC
Masallı şəhərində sərtləşdirilmiş karantin rejiminin tətbiqi ilə əlaqədar prospekt və küçələr, məhəllədaxili yollar, yaşayış massivləri nəzarətə götürülüb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Masallı şəhərinin giriş və çıxışlarında 10 stasionar post qurulub, 16 patrul xidməti avtonəqliyyat vasitələrinin hərəkətinə ciddi nəzarət edir.
Rayonun ictimai-iaşə obyektləri, bərbərxanalar, kafe və restoranlar fəaliyyətini tam dayandırıblar.
İndiyədək sərtləşdirilmiş karantin rejiminin tələblərini pozan 30-a yaxın sürücü və vətəndaş saxlanılaraq onlar barəsində qanunamüvafiq tədbirlər görülüb.
Masallı şəhərindəki “ASAN xidmət” Mərkəzi sərtləşdirilmiş karantin rejimində fəaliyyətini davam etdirir. Vətəndaşlar sərtləşdirilmiş karantin rejiminin qaydalarına uyğun olaraq, Mərkəzin müvafiq xidmətlərindən yararlanırlar.
Rayonda fəaliyyət göstərən bankların və poçt şöbələrinin qarşısında əhali sıxlığı olsa da, vətəndaşlar tibbi maskalardan istifadə etməklə və lazımi məsafəni gözləməklə karantin rejiminin tələblərinə ciddi əməl edirlər.