REGİONLAR


Masallıda tütün yarpağı yığılır FOTO VİDEO

Masallı, 16 sentyabr, İsmayıl Cəfərli, AZƏRTAC 

Masallı rayonunda artıq altıncı ildir tütün becərilir. Bu il 40-dan çox fermer, ümumilikdə, 51 hektar sahədə tütün əkib. Hazırda rayonun Qızılağac, Xırmandalı, Şərəfə, Bədəlan və digər kəndlərində yaş tütün yarpağı yığılır.

AZƏRTAC xəbər verir ki, Qızılağac kənd sakini Şamil Məmmədov 4 ildir tütün təsərrüfatı ilə məşğuldur. Bu sahədən yaxşı qazanc əldə edən fermer növbəti il üçün tütün sahələrini 10 hektara çatdırmağı qarşıya məqsəd qoyub.

Ötən il 2 hektar sahədə tütün əkib 5 ton məhsul götürən Şamil Məmmədov bildirib ki, sahəyə bu il daha yaxşı aqrotexniki qulluq olunub: “Yaxşı məhsuldarlıq gözləyirik. Dövlətimiz bu sahənin inkişafı üçün biz fermerlərə hər cür dəstək verir. Bu günə kimi 3 hektardan 3-4 tona yaxın məhsul təhvil vermişəm. Hazırda qurudulmuş 2 tondan artıq məhsul var. Yəqin ki, oktyabrın axırına qədər yığım davam edəcək”.

Qeyd edək ki, əllə yığılan tütün yarpaqları kustar üsulla beş günə qurudulur. Şamil Məmmədovun təsərrüfatında çalışan 10 işçi evinə gündəlik qazanc aparır. Onlardan biri də Mahirə Nurullayevadır. Tütün yarpağının qurudulması qaydalarından danışan həmsöhbətimiz deyib: “Yetişən yarpaqları yığırıq. Hansını dərmək lazımdırsa onu bilirik. Özümüz becəririk, sonra iplərə keçirdib təhvil veririk, müəssisələrə göndəririk. Tütün sahələri çox olsa, bizim üçün də yaxşıdır. Kənd qadınlarının hamısı gəlib işləyər, evinə qazanc aparar”.

Masallıda daha çox "Trabzon" və “İmmenium” tütün sortları əkilib-becərilir. Bundan əlavə, rayonda 2020-ci ildə ilk dəfə olaraq tütünün “Berley” sortu da əkilib. Bu sort bölgənin torpaq-iqlim şəraitinə görə daha əlverişli sayılır. Həm də ənənəvi sortlardan iki dəfə çox məhsul verir.

Masallı rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin baş məsləhətçisi Hasil Hüseynovla söhbət zamanı bildirib ki, ötən il 35 hektar sahədə tütün əkilmiş, qəbul məntəqələrinə 57 ton məhsul təhvil verilmişdi. Bu il isə sahələr artırılaraq, 50 hektarda tütün əkilib. İndiyədək “Şəki İlham” MMC-yə 12 tondan çox quru tütün təhvil verilib. Gələn il tütün sahələri daha da genişləndiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.