REGİONLAR
Masallıda xüsusi karantin rejimi ilə bağlı tətbiq olunan qaydalara ciddi nəzarət edilir
Masallı, 29 mart, Bağır Əliyev, AZƏRTAC
Ölkəmizdə koronavirus infeksiyasına qarşı mübarizə məqsədilə tətbiq edilən xüsusi karantin rejimi qaydalarının təmin olunması və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun genişmiqyaslı tədbirlər Masallı rayonunda da davam etdirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Masallı Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində koronavirus infeksiyasına qarşı preventiv mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə 65 yaşdan yuxarı insanların evdən çıxması ilə bağlı qadağalar nəzərə alaraq, onlarla profilaktik söhbətlər aparırlar.
Bu tədbirlərlə yanaşı, xüsusi karantin rejimi çərçivəsində bir rayondan digərinə getməklə qoyulan məhdudiyyətlərlə əlaqədar nəqliyyat vasitələrinin sürücüləri qeydiyyatda olduqları rayonlara yönləndirilirlər.
Koronavirus infeksiyasının yayılmasına qarşı mübarizə tədbirləri Masallı Rayon Polis Şöbəsində də davam etdirilir. Şöbənin inzibati binasına gələn hər bir vətəndaşın əli dezinfeksiya edilərək onlar tibbi maska ilə təmin olunur.