REGİONLAR


Masallıda yay turizm mövsümünün açılışı olub

Masallı, 30 may, Bağır Əliyev, AZƏRTAC 

Masallı rayonundakı “Viləş” otelində yay turizm mövsümünün açılışı olub.

AZƏRTAC xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyinin, Masallı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən tədbirin iştirakçıları əvvəlcə turizm sərgisində yerli mətbəx, sənətkarların əl işləri, xalq tətbiqi sənəti və rayonda istehsal edilən kənd təsərrüfatı məsullarının nümunələri ilə tanış olublar.

Tədbirdə çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi Mahir Qəhrəmanov, Masallı Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Lətifə Mövsümova turizm mövsümünün başlanması münasibətilə mərasim iştirakçılarını təbrik ediblər. Çıxışlarda bildirilib ki, regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarına müvafiq olaraq ölkəmizin bütün bölgələrində olduğu kimi, Masallı rayonunda da turizmin inkişafı sahəsində bir sıra uğurlar qazanılıb. Azərbaycanda turizmin inkişafına dair 2010-2014-cü illəri əhatə edən Dövlət Proqramında nəzərdə tutulan tədbirlər uğurla icra edilir.

Qeyd olunub ki, Masallı rayonunda turizmin inkişafı üçün geniş imkanlar var. Rayonda fəaliyyət göstərən 33 turizm obyekti və istirahət mərkəzinin əksəriyyəti Mədəniyyət və Turizm Nazirliyinin sertifikatını alıb.

Diqqətə çatdırılıb ki, son illər Masallı rayonuna gələn turistlərin sayı artmaqda davam edir. Ötən il rayona 24 min 730 turist gəlib. Onlardan 1650 nəfəri xarici turist olub. Bu ilin birinci rübündə isə Masallıya gələn 1650 turistin 600 nəfərini xarici ölkələrdən gələn turistlər təşkil edib. Turizm obyektlərində və istirahət mərkəzlərində dincələnlərə göstərilən xidmətin səviyyəsinin yüksəldilməsində rayonda fəaliyyət göstərən Turizm Kolleci əhəmiyyətli rol oynayır.

Yerli sahibkarlardan “Viləş” otelin direktoru Anar Ağayev, “İstisu” sanatoriyasının rəhbəri İldırım Allahyarov, “Cənub nemətləri” istirahət mərkəzinin əməkdaşı Orxan Əliyev və başqaları iş adamlarına yaradılan şəraitə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

Mərasim respublikanın və rayonun incəsənət ustalarının ifasında maraqlı konsert proqramı ilə davam edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.