REGİONLAR
Masallıdakı “Dəfinə” məktəb-liseyində Aprel döyüşçüsü ilə görüş
Masallı, 6 aprel, Bağır Əliyev, AZƏRTAC
Masallı Rayon İcra Hakimiyyəti və Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə Dəfinə” məktəb-liseyində Aprel döyüşlərinin iştirakçısı Əziz Cankişizadə ilə görüş keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, görüşdə çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Ceyhun Bəşirov Azərbaycan Ordusunun Aprel döyüşlərində qazandığı qələbənin tariximizə qızıl hərflərlə yazıldığını bildirib.
Ceyhun Bəşirov qeyd edib ki, işğaldan azad olunan ərazilərdə, o cümlədən Cocuq Mərcanlı kəndində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə ötən müddət ərzində təmir-bərpa işləri aparılıb, yeni qəsəbə salınıb, ata-baba yurdlarından didərgin düşən insanlar doğma torpaqlarına geri dönüblər.
Aprel döyüşlərinin iştirakçısı, Masallı rayonunun Əzizabad kənd sakini Əziz Cankişizadə ordumuzun düşmənlə döyüşdə göstərdiyi qəhrəmanlıqlardan danışaraq bildirib ki, məcburi köçkünlər Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tezliklə öz doğma yurdlarına qayıdacaqlar.
Görüşün sonunda Aprel döyüşçüsü Əziz Cankişizadə şagirdləri maraqlandıran sualları cavablandırıb.