REGİONLAR


Masallılı gənclər idmançı şəhidin ailəsini ziyarət ediblər

Masallı, 17 fevral, Bağır Əliyev, AZƏRTAC

Fevralın 17-də Masallı Rayon Gənclər və İdman İdarəsinin kollektivi Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunmasında qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə yüksələn idmançı döyüşçü Həsənov Sübhan Rauf oğlunun ailəsini ziyarət ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, xüsusi karantin rejimi qaydalarına riayət etməklə keçirilən görüş zamanı milli ordunun əsgəri Sübhan Həsənovun müharibədə keçdiyi şərəfli döyüş yolundan söhbət açılıb, ailənin qayğıları dinlənilib.

Şəhidin ailə üzvləri ölkəmizdə müharibə iştirakçılarına və şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, şəhid Sübhan Həsənov Masallı Rayon Gənclər və İdman İdarəsinin nəzdində Uşaq Gənclər İdman Məktəbinin cüdo bölməsinin yetirməsi olub. O, dəfələrlə rayon və zona yarışlarının mükafatlarına layiq görülüb.

İgid döyüşçü 2001-ci il iyulun 26-da Masallı şəhərində anadan olub. O, orta məktəbi bitirdikdən sonra 2019-cu ildə hərbi xidmətə yollanıb, Goranboy rayonunda yerləşən N saylı hərbi hissədə snayperçi olub.

Sübhan Həsənov Vətən müharibəsində Füzuli, Ağdərə və Suqovuşan istiqamətində gedən döyüşlərdə düşmənə qarşı böyük mərdliklə döyüşərək şəhidlik zirvəsinə ucalıb. O, dekabrın 7-də Masallı şəhər qəbiristanlığında dəfn edilib. Cəsur döyüşçü subay idi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Sübhan Rauf oğlu Həsənov ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, "Cəsur döyüşçü", “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.