REGİONLAR
Masallılı müəllimlər rayonun ictimai-siyasi və mədəni həyatında fəal iştirak edirlər
Masallı, 5 oktyabr, Bağır Əliyev, AZƏRTAC
Azərbaycanda təhsilə dövlət qayğısı bu istiqamətdə qəbul edilən qərar və sərəncamlarda, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda, təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsində əksini tapır.
AZƏRTAC xəbər verir ki, bu fikir oktyabrın 5-də Masallı şəhərindəki Heydər Əliyev Mərkəzində Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş tədbirdə səsləndirilib.
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.
Toplantıda çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, rayon təhsil şöbəsinin müdiri Tariyel Əkbərov müəllimləri əlamətdar gün münasibətilə təbrik edib, ölkəmizdə müəllim əməyinə verilən yüksək qiymətdən, müəllimlərin qazandığı uğurlardan danışıblar.
Qeyd olunub ki, masallılı müəllimlər rayonun ictimai-siyasi və mədəni həyatında fəal iştirak edirlər.
Əməkdar Müəllim, “Tərəqqi” medallı Mirqabil Hüseynov, Babaser və Təzə Alvadı kənd məktəblərində müəllim işləməyə gəlmiş Nuray Dünüyeva və Şahin Nəhmətov, Masallı Dövlət Regional Kollecinin müəllimi Dilarə Hüseynova həmkarlarına ən xoş arzularını çatdırıb, ölkəmizdə təhsilin inkişafı, onun maddi-texniki bazasının möhkəmləndirilməsinə və təhsil işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılmasına göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Tədbirin sonunda müəllimlərin bir qrupuna fəxri fərmanlar verilib.