REGİONLAR
Masallılı rəssamın əsəri Respublika yaradıcılıq sərgisində nümayiş etdirilib
Masallı, 25 noyabr, Bağır Əliyev, AZƏRTAC
Mədəniyyət Nazirliyi və Azərbaycan Rəssamlar İttifaqının dəstəyi, “Bakı” Rəsm Qalereyası və Azərbaycan Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə Vətən müharibəsinin ildönümü münasibətilə Bakı şəhərində keçirilən “Qələbə hünəri” adlı Respublika yaradıcılıq sərgisində masallılı rəssamın əsəri yüksək dəyərləndirilib.
"Xətai" Sənət Mərkəzində reallaşan sərgiyə Bakı şəhəri də daxil olmaqla, ölkəmizin müxtəlif regionlarından olan fırça ustaları öz rəsm əsərləri ilə qatılıblar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Masallı Dövlət Rəsm Qalereyasının direktoru vəzifəsini icra edən Təhmasib Məcidov sərgidə "Şəhidlərin şahidləri" adlı rəsm əsəri ilə iştirak edib.
Münsiflər heyəti tərəfindən 200-dən yuxarı əsər arasından 39 müəllifin 45 əsəri sərgidə nümayiş etdirilmək üçün seçilib. Masallılı rəssamın rəsm əsəri də qaliblərin sırasındadır.
Sərgidə təmsil olunan rəssamlara təşkilatçılar tərəfindən sertifikat təqdim olunub.