REGİONLAR
Masallılılar Yeni ili yüksək əhvali-ruhiyyə ilə qarşılayırlar
Masallı, 31 dekabr, Bağır Əliyev, AZƏRTAC
Masallı şəhərinin mərkəzi meydanında Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ilin gəlişinə həsr olunmuş ümumrayon bayram tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla yad ediblər.
Bayramsayağı bəzədilmiş meydanda keçirilən mərasimdə rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının məsul işçiləri, ictimaiyyətin nümayəndələri, ağsaqqallar, ziyalılar, idarə, müəssisə və təşkilatların rəhbərləri, təhsil və səhiyyə işçiləri, tələbələr, məktəblilər iştirak ediblər.
Şaxta baba və Qar qız Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ilin gəlişi münasibətilə rayon sakinlərinə xoş arzularını çatdırıblar.
Şənliyin aparıcıları Dünya Azərbaycanlılarının Həmrəylik Gününün təsis olunmasında ulu öndər Heydər Əliyevin xidmətlərindən və bu həmrəyliyi gündən-günə möhkəmləndirən Prezident İlham Əliyevin daxili və xarici siyasətinin səmərəli nəticələrindən söz açıb, ötən il rayonun əldə etdiyi uğurlardan danışıblar.
Mərasim rayonun bədii özfəaliyyət kollektivlərinin ifasında rəngarəng konsert proqramı ilə davam edib.