REGİONLAR


Masallının Birinci Yeddioymaq kəndində inşa edilən “Şəhidlər parkı”nın açılışı olub

Masallı, 12 may, Bağır Əliyev, AZƏRTAC

Masallı rayonunun Yeddioymaq kəndində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən Vətən övladlarının xatirəsini əbədiləşdirmək məqsədilə “Şəhidlər parkı” inşa edilib.

Şəhid, baş leytenant Əlimərdan Quluzadənin adını daşıyan küçədə ucaldılan abidə-kompleksin əsas hissəsində xüsusi hazırlanmış mərmər lövhələrdə Birinci və İkinci Qarabağ müharibəsi dövründə Vətən uğrunda canlarını qurban verən 31 qəhrəman şəhidin (Birinci Yeddioymaq, Viləş, Qızılağac, Şıxlar, Qasımlı kəndləri üzrə) şəkilləri, 1941-1945-ci illərdə alman faşizminə qarşı müharibədə canından keçmiş ərazi sakinlərinin adları əbədiləşdirilib.

Nəfis görünüşə malik abidə-kompleksin ön hissəsində isə zirvələri fəth etmiş, qalib Azərbaycanımızın bayrağı dalğalanır, ay-ulduzlu məşəl şölələnir.

Abidənin yerləşdiyi ərazidə yaşıllıqlar salınıb – dekorativ ağac və gül kolları əkilib.

Parka içməli su xətti çəkilib, bulaq inşa edilib, ərazidə işıqlandırma sistemi qurulub.

Abidə-kompleksinin açılış mərasimində rayon rəhbərliyi, Milli Məclisin deputatları Anar İsgəndərov və Məşhur Məmmədov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, müharibə veteranları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, mərasimdə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə qeyd olunub ki, 200 illik tariximizdə xalqımızın ən böyük arzuları gerçəkləşməkdədir. Milli-mənəvi ruhumuz yeniləndi, tarixi ədaləti bərpa etdik. Müzəffər Ali Baş Komandan İlham Əliyev və yenilməz ordumuzun rəşadəti sayəsində Azərbaycan əsgəri dünyaya gücünü sübut etdi, şəhidlərimizin qanı yerdə qalmadı. Tezliklə el-obasından didərgin düşən soydaşlarımız yurd-yuvalarına qayıdacaqlar.

Çıxışlarda, həmçinin Vətən müharibəsi dövründə döyüşlərdə olduğu kimi, arxa cəbhədə də masallıların göstərdiyi şücaətdən, ölkə rəhbəri tərəfindən şəhidlərimizə və onların ailələrinə göstərilən hörmət və ehtiramdan danışılıb.

Bugünkü rahat yaşamımızı şəhidlərimizin qəhrəmanlıqları ilə səciyyələndirən Milli Məclisin deputatları Anar İsgəndərov və Məşhur Məmmədov çıxışlarında 30 ildən artıq müddətdə işğal altında qalan torpaqlarımızın azad edilməsilə nəticələnən şanlı Qələbədən, şəhidlərimizin gənclərə, məktəblilərə örnək olan şərəfli ömür yolundan danışıblar.

Mərasimdə çıxış edən iki şəhid anası Ziba Əsgərova, iş adamı Adna Salayev, Vətən müharibəsi iştirakçısı Cəmil Məmmədov şəhid və əsgər ailələrinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Sonra abidə-kompleksin açılışı olub. Abidə önünə gül dəstələri düzülüb, şəhidlərin ruhlarına dualar oxunub, əziz xatirələri ehtiramla yad olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.