REGİONLAR
Masallının “Halay” qrupu Türkiyədə folklor festivalından qayıdıb
Masallı, 17 sentyabr, Bağır Əliyev, AZƏRTAC
Nizami Gəncəvi adına Masallı Rayon Mədəniyyət Mərkəzinin “Halay” folklor kollektivi Türkiyə Respublikasının Nazilli bələdiyyəsi rəhbərinin dəvəti ilə Nazillinin qurtuluşunun 96-cı ildönümü ilə əlaqədar təşkil olunan folklor festivalında iştirak edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, səfər zamanı folklor kollektivinin üzvlərinin Nazilli bələdiyyəsinin başkanı Haluk Alıcık, Nazilli Milli Təhsil müdiri Hıdır Dağaşan ilə görüşü keçirilib.
Festival çərçivəsində şəhərin müxtəlif yerlərində təşkil olunan tədbirlərdə “Halay” folklor kollektivinin çıxışları tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb.
Səfərin sonuncu günü bələdiyyə rəhbəri Haluk Alıcık “Halay” folklor qrupunun üzvlərini “təşəkkürnamə” ilə təltif edib.