REGİONLAR


Masallının Xıl kəndində Vətən müharibəsinin şəhidi Elgün Mikayıllının adı əbədiləşdirilib

Masallı, 25 noyabr, Bağır Əliyev, AZƏRTAC

Masallı rayonunun Xıl kəndində Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış Elgün Aqil oğlu Mikayıllının xatirəsinə tikilmiş bulaq-abidə kompleksinin açılış mərasimi keçirilib.

Mərasimdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov, idarə, müəssisə və təşkilatların rəhbərləri, SHXÇDX rayon şöbəsinin əməkdaşları, YAP rayon təşkilatının fəalları, şəhid ailələri, qazilər, kənd sakinləri iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bulaq-abidə kompleksinin açılış mərasimində şəhid Elgün Mikayıllının qısa, lakin şərəfli ömür yolu barədə, Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdikləri şücaət və vətənpərvərlikdən danışılıb.

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman oğullarımızın həyatları bahasına azad olunan torpaqlarımızda bu gün müqəddəs bayrağımızın dalğalanmasının hər birimiz üçün qürurverici olduğu diqqətə çatdırılıb.

Tədbirdə Xıl kənd tam orta məktəbinin şagirdləri hərbi-vətənpərvərlik mövzusunda ədəbi-bədii kompozisiya nümayiş etdiriblər.

Şəhidin atası Aqil Mikayılov abidə kompleksinin inşa edilməsində əməyi olanlara minnətdarlığını bildirib.

Qeyd edək ki, Elgün Aqil oğlu Mikayıllı 2001-ci il mayın 13-də Masallı rayonunun Xıl kəndində dünyaya gəlib. O, 2019-cu ildə Azərbaycan Silahlı Qüvvələrinin Beyləqan rayonunda yerləşən “N” saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. Elgün Mikayıllı Vətən müharibəsində Füzuli rayonu uğrunda gedən döyüşlərdə düşmənlərə qarşı mərdliklə döyüşüb. Oktyabrın 14-də Füzuli istiqamətində gedən döyüşlərdə düşmən gülləsinə tuş gələrək şəhidlik zirvəsinə ucalıb. Xıl kənd qəbiristanlığında dəfn edilib.

Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, Elgün Aqil oğlu Mikayıllı ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.