REGİONLAR
Masallının kəndlərində həkim və tibb məntəqələri istifadəyə verilib
Masallı, 27 iyun, Bağır Əliyev, AZƏRTAC
Regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramında müəyyən edilmiş tədbirlərə müvafiq olaraq, iyunun 17-də Masallı rayonunun Miyənkü kəndində həkim, Məmmədoba kəndində isə tibb məntəqəsi istifadəyə verilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu münasibətlə hər iki kənddə keçirilən açılış mərasimlərində rayon rəsmiləri, tibb işçiləri, ictimaiyyətin və KİV-lərin nümayəndələri iştirak ediblər.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov kənd sakinlərini əlamətdar hadisə və müqəddəs Ramazan bayramı münasibətilə təbrik edərək onlara ən xoş arzularını çatdırıb.
Kənd sakinləri bayram günlərində onlara ikiqat sevinc bəxş edən, əhalinin sağlamlığının daim qayğısına qalan dövlətimizin başçısı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, Miyənkü kəndində istifadəyə verilən həkim məntəqəsi dörd, Məmmədoba kəndindəki yeni tibb məntəqəsi isə üç otaqlıdır. Hər iki səhiyyə ocağında sakinlərə yüksək səviyyədə tibbi xidmətin göstərilməsi üçün lazımı şərait yaradılıb.