REGİONLAR


Masallının polis işçiləri Milli Qəhrəman Səfəralı Məmmədovun xatirəsini yad ediblər

Masallı, 17 fevral, Bağır Əliyev, AZƏRTAC

Masallı Rayon Polis Şöbəsinin əməkdaşları Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə mərdlik və igidlik göstərərək şəhidlik zirvəsinə ucalmış polis əməkdaşı, Azərbaycanın Milli Qəhrəmanı Səfəralı Məmmədovun xatirəsini ehtiramla yad ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, polis işçiləri Milli Qəhrəman Səfəralı Məmmədovun büstü önünə gül dəstələri düzüb, ruhuna dualar oxuyublar.

Polis əməkdaşlarının, şəhidin döyüşçü yoldaşlarının və ictimaiyyət nümayəndlərinin iştirak etdiyi anım tədbirində çıxış edənlər Daxili İşlər Orqanlarında xidmət etmiş Səfəralı Məmmədovun həyat və döyüş yolunun hər bir gənc polis əməkdaşı, eləcə də Azərbaycan gənci üçün örnək olduğunu bildiriblər.

Qeyd edək ki, şəhid Səfəralı Məmmədov Ağdam Rayon Daxili İşlər Şöbəsində post-patrul batalyonunda tağım komandiri vəzifəsində xidmət edib. O, 1992-ci il fevralın 16-da Xocavənd rayonunun Qaradağlı kənd sakinlərini azğınlaşmış erməni dəstələrindən xilas edən zaman şəhid olub.

Səfəralı Qurban oğlu Məmmədov ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb. Masallı şəhərində küçələrdən birinə, igid döyüşçünün təhsil aldığı məktəbə onun adı verilib, oxuduğu məktəbin həyətində büstü qoyulub, cəsur döyüşçüyə həsr olunmuş “Qəhrəman polis” adlı sənədli film çəkilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.