REGİONLAR
Masazırda köhnə elektrik xətlərinin yeniləri ilə əvəzlənməsi işlərinin 80 faiz yekunlaşıb
Bakı, 10 dekabr, Pərvanə Rəhimova, AZƏRTAC
Masazır qəsəbəsində köhnə elektrik xətlərinin yeniləri ilə əvəzlənməsi işlərinin 80 faizi yekunlaşıb. Beləliklə də qış aylarında enerji fasilələrin yaranmasının qarşısını alıb, istehlakçıların fasiləsiz enerji ilə təchizatı təmin olunub.
AZƏRTAC xəbər verir ki, bu barədə dekabrın 10-da “Azərişıq” ASC tərəfindən Xırdalan şəhəri və Masazır qəsəbəsində təşkil olunan media-tur çərçivəsində ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev jurnalistlərə müsahibəsində deyib.
T.Mustafayev qeyd edib ki, təkcə Masazır qəsəbəsində 2 ədəd 35 kilovoltluq yarımstansiya, Xırdalan şəhərində 2 ədəd 35 kilovoltluq yarımstansiya, Qobu kəndində bir ədəd 110 kilovoltluq yeni yarımstansiya inşa olunub, yeni elektrik veriliş xətləri quraşdırılıb. Xüsusilə, elektrik veriliş xətləri izolyasiyalı kabel xətləri ilə əvəzlənib. Bütün bunlar birbaşa yarım milyondan çox istehlakçının dayanıqlı, keyfiyyətli enerji təchizatını təmin edəcək.