CƏMİYYƏT
Masazırda yaşadığı evdə tiryəkxana təşkil edən qadın narkotacir saxlanılıb VİDEO
Bakı, 4 mart, AZƏRTAC
Abşeron Rayon Polis İdarəsinin narkotiklərlə mübarizə bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində rayonun Masazır qəsəbəsində narkotik vasitələrin satışı ilə məşğul olan daha bir nəfər saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əməliyyat zamanı qəsəbə ərazisində yaşayan Dünya Qasımova tutulub. Onun əlindəki çantaya və yaşadığı evə baxış zamanı 1 kiloqram 27 qram heroin və metamfetamin aşkarlanıb. Araşdırma zamanı müəyyən olunub ki, saxlanılan şəxs Masazır qəsəbəsindəki evində narkotik vasitə istifadəçiləri üçün tiryəkxana təşkil edib. Orada Dünya Qasımova narkotik vasitələri satdığı şəxslərə heroin və metamfetamin qəbul etmək üçün şərait yaradıb.
İdarə əməkdaşları tərəfindən həyata keçirilən daha bir əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan paytaxt sakini Sənan Osmanov Xırdalan şəhəri ərazisində saxlanılıb. Onun üzərinə baxış zamanı 1 kiloqram marixuana aşkar olunub.
Sənan Osmanov ifadəsində narkotik vasitəni satmaq və şəxsi istifadəsi üçün əldə etdiyini bildirib.
Bu əməliyyatlar zamanı saxlanılan Dünya Qasımovanın və Sənan Osmanovun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. İstintaq tədbirləri davam etdirilir.