İQTİSADİYYAT
“Masdar” şirkəti Qaradağ Günəş Elektrik Stansiyasının inşası üçün maliyyə vəsaitinin tam şəkildə təmin olunduğunu bəyan edib VİDEO
Qahirə, 2 avqust, AZƏRTAC
Dünyanın aparıcı bərpa olunan enerji şirkətlərindən biri olan Əbu-Dabinin “Masdar” şirkəti Azərbaycanda 230 meqavatlıq (MVt) gücündə Qaradağ Günəş Elektrik Stansiyasının maliyyə vəsaiti ilə bağlı məsələnin tam həll olunduğunu bəyan edib.
AZƏRTAC şirkətin tviter hesabında yayılan bəyanata istinadla xəbər verir ki, “Masdar” Birləşmiş Ərəb Əmirliklərinin ilk xarici investisiya əsaslı müstəqil günəş enerjisi layihəsinin həyata keçirilməsi ilə əlaqədar bütün maliyyə məsələlərinin həllindən məmnunluğunu ifadə edib. Layihə Əbu-Dabi İnkişaf Fondu, Asiya İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi tərəfindən birgə maliyyələşdirilir.
“Masdar” şirkətinin tviter hesabında, həmçinin Avropa Yenidənqurma və İnkişaf Bankının da bu layihəyə töhfə verməkdən duyduğu məmnunluq barədə bəyanatı yerləşdirilib.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə bu il martın 15-də Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının Gülüstan sarayında təməlqoyma mərasimi keçirilib.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə