CƏMİYYƏT


“Maşın qəbiristanlığına” və çadırlara “bürünən” şəhər – Reportaj VİDEO

İrpen, 22 iyun, AZƏRTAC

Rusiyanın Ukrayna üzərində başladığı genişmiqyaslı hərbi əməliyyatlar zamanı ən çox ziyan dəyən şəhərlərdən biri də Kiyev vilayətinin İrpen şəhəridir. İrpen şəhərinin Azərbaycan və Ukrayna arasında körpü rolunu oynaması bu məkanı azərbaycanlılara daha çox sevdirib.

İkinci Dünya müharibəsindən sonra bu müharibədə də qəhrəmanlığı ilə seçilən İrpen şəhəri Rusiya Silahlı Qüvvələrindən azad olunandan sonra yenidən qurulur və bərpa olunur, lakin hələ də şəhərdə müharibənin vurduğu ziyanı və qalıqlarını görmək mümkündür.

Genişmiqyaslı hərbi əməliyyatlar zamanı İrpendə Azərbaycanın görkəmli elm xadimi, oftalmoloq-alim Zərifə Əliyeva adına parka ziyan dəyməsə də, akademikin adını daşıyan 12 nömrəli orta məktəbə zərər dəyib.

Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi ilə “SOCAR Energy Ukraine” şirkəti orta məktəbin təmirini üzərinə götürüb.

12 nömrəli tam orta məktəbin direktoru Valentina Antonenko AZƏRTAC-a açıqlamasında göstərdikləri səmimi dostluq münasibətlərinə görə Azərbaycan dövlətinə təşəkkürünü bildirib: “Mən səmimi qəlbdən və ürəkdən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə təşəkkürümü bildirmək istəyirəm ki, müharibə zamanı ciddi ziyan görən məktəbin təmirinə göstəriş edib. Cənab Prezident, mən Sizə təşəkkürümü sözlə ifadə edə bilmirəm. Mən inanırdım ki, Azərbaycandakı dostlarımız bizi tərk etməyəcək, dərhal köməyə gələcək”.

İrpeni “çadırlar şəhərciyi” də adlandırmaq olar, çünki şəhərdə evləri dağıdılan sakinlər üçün çadırlar qurulub, həm də xüsusi vaqonlar gətirilib. Çadırlarda yaşayanların üzündə evlərinin itkisinin ağrısı olsa da, Ukraynanın qələbəsinə inandıqlarını və dövlətin qayğısından razılığını bildirirlər. Evi dağıdılan keçmiş polis işçisi Sergeyin dediyi kimi: “Əhvalım qələbəyə köklənib, dövlətimizin qələbəsinə və vətəndaşlarının qayğısına inanıram”.

İrpenə gətirilən xüsusi vaqonlarda isə evləri dağıdılanlar üçün 100 nəfərlik yer təşkil olunub. Hazırda 50-dən çox insan vaqonlarda məskunlaşıb.

Bu gün İrpendə isə turistlərin də marağına səbəb olan məkanlardan biri isə “maşın qəbiristanlığı”dır. Müharibə dövrünün qalıqları, yüzlərlə kül olmuş maşın. Bu avtomobillərdə yüzlərlə insanın gələcəyə ümidi də kül olaraq “yanıb”. İrpendə bir neçə belə “maşın qəbiristanlığı” var, onları görmək təəssüratı çox ağır olur, xüsusən də Ukraynanın bir çox yaşayış məskənlərində belə qəbiristanlıqların olduğunu anlayanda.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

İrpen

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.