CƏMİYYƏT


Maska taxılması heç bir ciddi dəri xəstəliyinə səbəb olmur

Bakı, 29 aprel, AZƏRTAC

Koronavirusdan qorunmağın əsas qaydalarından biri maska taxmaqdır. Havaların isinməsi ilə əlaqədar bəzi insanlarda dəri maskanın altında tərləyir, qaşınır və xoşagəlməz reaksiya verir.

AZƏRTAC xəbər verir ki, Bakıdakı 15 nömrəli poliklinikanın həkim-dermatoloqu Solmaz Orucova bununla bağlı deyib: “Bəzən maska taxılmasının müxtəlif xəstəliklərə, məsələn, psoriaz, yəni sulu dəmrova səbəb olduğunu deyirlər. Lakin bu, düzgün məlumat deyil. Ekzema, aknelər, ağızətrafı və atopik dermatitlər əmələ gələ bilər, lakin bunlar müalicə olunan xəstəliklərdir. Allergiyaya meyilli olanlar ağız ətrafını 3-5 faizli benzol-peroksid və ya deksoponolla silə bilərlər”.

Maska taxan zaman xanımların kremlərdən istifadə etməsi düzgün deyil, çünki həmin kremlər, xüsusilə də tünd rəngdə olan örtücülər məsamələri qapadır və dərinin nəfəs almasına imkan vermir. Nəticədə mikrobların artması üçün şərait yaranır.

Həkimin dediyinə görə, maskadan əvvəl və sonra dəriyə qulluq vacibdir: “Tərkibində qələvi olduğuna və dəri nəmliyini artırdığına görə üz dərisinə çoxlu sabun vurulmamalıdır. Dərinin nəmliyi azalanda isə quruyur, bu isə qırışların və yaxud quruluq seboreyasının əmələ gəlməsinə səbəb olur. Ona görə də köpük, losyon, gel və s. şəklində müxtəlif təmizləyicilərdən istifadə edilməlidir”.

Xüsusilə həssas və allergik dərisi olanlar yalnız tibbi maskalardan istifadə etməli və tez-tez yenisi ilə əvəz edilməlidir. Rəngli maskalardan istifadə düzgün deyil. Ev şəraitində hazırlanan parça maskalar isə istifadədən dərhal sonra yuyulmalı və mütləq ütülənməlidir. Bundan başqa tibbi maskanı spirtləyib istifadə etmək olmaz. Bu, üzdə quruluq və digər problemlər yaradır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.