CƏMİYYƏT
Maştağa qəsəbə sakinindən “Kalaşnikov” markalı avtomat silah aşkarlanıb VİDEO
Bakı, 6 mart, AZƏRTAC
Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkarlanması məqsədilə növbəti uğurlu əməliyyat həyata keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, idarə əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində Maştağa qəsəbə sakini Rəhman Həsənov saxlanılıb. Onun idarə etdiyi “Mercedes” markalı avtomobilin yük yerinə baxış zamanı “Kalaşnikov” markalı avtomat silah, patron darağı və 26 patron aşkarlanaraq maddi sübut kimi götürülüb. R.Həsənov ifadəsində odlu silah-sursatı bir müddət əvvəl dəniz kənarından tapdığını və həmin gündən bəri avtomobilində saxladığını bildirib.
Faktla bağlı R.Həsənov barəsində Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.