CƏMİYYƏT


Maştağa qəsəbəsində Vətən müharibəsi şəhidi Əliağa Məmmədovun xatirəsi anılıb

Bakı, 26 iyul, AZƏRTAC

Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalan igid oğullarımızdan biri də Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Əliağa Məmmədovdur. Döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə “Vətən uğrunda” medalı ilə təltif olunmuş Əliağa Məmmədovun bu gün doğum günüdür.

AZƏRTAC xəbər verir ki, bununla əlaqədar iyulun 26-da şəhidin yaşadığı Maştağa qəsəbəsindəki evində anım tədbiri keçirilib. Mərasimdə cəsur döyüşçünün hərbçi və iş yoldaşları, rayon icra hakimiyyətinin və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Mərasimdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbir iştirakçıları şəhidlə bağlı xatirələrini bölüşüb, keçdiyi şərəfli döyüş yolundan, göstərdiyi şücaətdən danışıblar. Bildirilib ki, 44 günlük Vətən müharibəsində döyüş yoldaşlarının həyatını qurtarmaq üçün özünü sipər edərək, qəhrəmancasına şəhidlik zirvəsinə ucalan Əliağa Məmmədov silahdaşlarının deyil, komandirinin də həyatını xilas edib.

Qeyd edək ki, Əliağa Məmmədov 2001-ci il iyulun 26-da Sabunçu rayonunda anadan olub. 2008-2013-cü illərdə Sabunçu rayonundakı 80 nömrəli, 2013-2017-ci illərdə isə 322 nömrəli tam orta məktəblərdə təhsil alıb. 2017-2018-ci illərdə 5 nömrəli Peşə Liseyində “İşıq operatoru” ixtisası üzrə təhsil alıb. O, altı il cüdo ilə məşğul olub.

Əliağa Məmmədov 2019-cu ildə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətə başlayıb. Azərbaycan Ordusunun əsgəri olan Əliağa 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində Ağdərə şəhəri istiqamətində gedən döyüşlərdə iştirak edib. O, oktyabrın 6-da Ağdərə uğrunda döyüşlərdə şəhid olub. Əliağa Məmmədov Maştağa qəsəbəsində dəfn olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.