CƏMİYYƏT
Maştağada evinin həyətində narkotik tərkibli bitkilər əkib-becərən şəxs saxlanılıb VİDEO
Bakı, 13 iyul, AZƏRTAC
Sabunçu Rayon Polis İdarəsinin və 14-cü polis bölməsi əməkdaşlarının “Xaş-Xaş 2020” tədbirlər planına əsasən, keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən Maştağa qəsəbəsi sakini Sərxan Kərimov saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qəsəbə ərazisində ona məxsus evin həyətyanı sahəsinə baxış keçirilən zaman kultivasiya yolu ilə yetişdirilən və yaş halda çəkisi 27 kiloqram olan 225 çətənə kolu, yaşadığı evdən isə 60 qram qurudulmuş marixuana və 20 qrama yaxın marixuana tumları aşkarlanaraq götürülüb.
Sərxan Kərimov ifadəsində narkotik tərkibli bitkiləri bir müddət əvvəl əkdiyini və onlara xüsusi qulluq göstərdiyini etiraf edib.
Faktla bağlı 14-cü polis bölməsində toplanan materiallar Sabunçu Rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib. İstintaq tədbirləri davam etdirilir.