İQTİSADİYYAT
“MasterCard ümummilli Çempionlar Liqası” kampaniyasının təqdimat mərasimi olmuşdur
Bakı, 24 sentyabr (AZƏRTAC). Sentyabrın 24-də Azərbaycan Mərkəzi Bankının dəstəyi ilə “MasterCard” beynəlxalq kart təşkilatı tərəfindən ölkədə nağdsız ödənişlərin inkişaf etdirilməsi, ödəniş kartı sahibləri tərəfindən nağdsız ödənişlərin aparılmasının stimullaşdırması məqsədi ilə təşkil olunan “MasterCard ümummilli Çempionlar Liqası” kampaniyasının təqdimat mərasimi keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Mərkəzi Bankın sədrinin birinci müavini Alim Quliyev “MasterCard” beynəlxalq kart təşkilatının regional rəhbərliyinə ölkəmizin kart bazarının inkişaf etdirilməsi istiqamətində gördüyü işlərə və birgə əməkdaşlığa görə təşəkkürünü bildirmişdir. O qeyd etmişdir ki, dövlətimizin başçısı tərəfindən ölkədə nağdsız hesablaşmaların həcminin artırılması istiqamətində verilən tapşırıqların icrası, habelə bütövlükdə nağdsız ödənişlərin genişləndirilməsi məqsədi ilə Mərkəzi Bank tərəfindən həyata keçirilən kompleks tədbirlər nağdsız hesablaşmaların qabaqcıl ölkələrin səviyyəsinə çatdırılmasına müsbət təsirini göstərəcəkdir.
“MasterCard”ın Cənub-Şərqi Avropa üzrə baş direktoru Mete Güney çıxış edərək təmsil etdiyi təşkilatın missiyası və fəaliyyəti barədə məlumat vermişdir.
“MasterCard”ın inkişaf etməkdə olan ölkələr üzrə meneceri Hakan Acar Mərkəzi Bankla sıx əməkdaşlıq nəticəsində Azərbaycanda “MasterCard ümummilli Çempionlar Liqası” kampaniyasını keçirməkdən məmnunluğunu ifadə etmişdir. “Təhlükəsiz sadə smart vasitələrinin köməyi ilə ölkənin maliyyə infrastrukturuna yatırımlar etməyə, habelə Mərkəzi Bank və digər dövlət təşkilatları tərəfindən idarə olunan nağdsız ödənişlərin genişləndirilməsi üzrə layihələri dəstəkləməyə davam edəcəyik” - deyə H.Acar bildirmişdir.
Təqdimat mərasimində məlumat verilmişdir ki, oktyabrın 1-dən 31-dək keçiriləcək kampaniyada ödəniş kartı sahibləri MasterCard brendli ödəniş kartları vasitəsilə ölkə daxilində və dünyanın istənilən yerində POS-terminallar vasitəsilə və internet üzərindən apardıqları nağdsız ödənişlər nəticəsində UEFA Çempionlar Liqası çərçivəsində Türkiyədə keçiriləcək oyunu canlı izləmək şansı qazanacaqlar. Noyabr ayında elan ediləcək 3 qalibin hər biri üçün nəzərdə tutulmuş səyahət paketinə 2 nəfərlik gediş-dönüş təyyarə biletləri, mehmanxana xərcləri və oyuna biletlər daxildir.