ELM VƏ TƏHSİL


Matyö Gider: Fransada akademiyalar elm və tədqiqat sahələrində dövlətin konsultant qurumu kimi fəaliyyət göstərir - Dünyanın elm təcrübəsindən VİDEO

Paris, 21 fevral, AZƏRTAC

Fransa elm dünyasının parlamenti adlandırılan Fransa İnstitutu ölkənin beş akademiyasını birləşdirir. Onlar arasında Fransız Akademiyası bu ölkənin ilk akademiyasıdır. 1635-ci ildə XIII Lüdovikin hakimiyyəti dövründə kardinal Rişelye tərəfindən əsası qoyulan ilk Fransız Akademiyasının funksiyası fransız dilini standartlaşdırmaq və təkmilləşdirmək olub. Bu akademiyanın 40 “ölməz” deyilən üzvü var. Onlardan biri vəfat etdikdə, digər üzvlər tərəfindən yeni üzv seçilir. Akademiklər yazdıqları elmi məqalə və kitablara görə seçilirlər.

Bu barədə AZƏRTAC-a Tuluz Akademiyasının akademiki, Səhiyyə və Tibbi Tədqiqatlar Milli İnstitutunun (INSERM) tədqiqat direktoru Matyö Gider məlumat verib.

O bildirib ki, ümumiyyətlə, Fransada beş akademiya fəaliyyət göstərir: Fransız Akademiyası, Əlyazmalar, Dil və Ədəbiyyat Akademiyası (1663-cü ildə Kolber tərəfindən yaradılıb, 55 üzvü var), Elmlər Akademiyası (1666-cı ildə Kolber tərəfindən yaradılıb, 263 üzvü var), İncəsənət Akademiyası (1816-cı ildə yaradılıb, 63 üzvü var), Əxlaq və Siyasət Elmləri üzrə Akademiya (1832-ci ildə Gizo tərəfindən yaradılıb, 50 üzvü var).. Fransanın beş akademiyasını bir arada birləşdirən Fransa İnstitutunun əsası 1795-ci ildə qoyulub və o, prezidentin səlahiyyətindədir.

Akademiklər universitet professorları üçün konfranslar, simpoziumlar təşkil edir, onlara yeni norma və standartlarla bağlı təkliflər verirlər. Fransadakı beş akademiya dövlətin nəzdindədir. Onlar dövlət tərəfindən maliyyələşir, illik maliyyənin həcmi təxminən bir milyon avrodur. Bu vəsait yalnız akademiyanın fəaliyyəti üçün nəzərdə tutulur. Akademiklər isə məvacibi çalışdıqları universitet və ya tədqiqat mərkəzlərindən alırlar. Onlar müəyyən universitetlərdən və ya tədqiqat mərkəzlərindən seçildikləri üçün bir növ könüllü konsultant kimi fəaliyyət göstərir, tədqiqat sahələrində qarşıya çıxan çətin məsələlərlə bağlı təklif və tövsiyələr verirlər. Odur ki, bu akademiyalar birliyini alimlər parlamenti də adlandırırlar.

Müsahibimiz vurğulayıb ki, akademiyalar elm və tədqiqat sahələrində dövlətin konsultant qurumu kimi fəaliyyət göstərir, fikir və ideya mənbəyi kimi çıxış edirlər.

Fransa elmi tədqiqatlara görə dünyada ABŞ-dan sonra ikinci yerdədir. Ölkənin beynəlxalq səviyyədə yeri əsasən Nobel mükafatlarının, elmi nəşrlərin, patentlərin sayı kimi üç meyarla müəyyən olunur. “Ötən il INSERM-in 16 min patenti olub. Mənim iki milli səviyyəli patentim beynəlxalq səviyyədə tanındı. Patent almaq çox çətindir, çünki o, milli, Avropa İttifaqı və beynəlxalq səviyyədə müdafiə olunmalı və dəstəklənməlidir. Patent həqiqətən də yenilik gətirməlidir”, -deyə M.Gider bildirib.

Akademik deyib ki, Fransanın beynəlxalq səviyyədə məşhur elmi-tədqiqat mərkəzləri var. Bu baxımdan tibb və səhiyyə sahəsində ixtisaslaşmış Səhiyyə və Tibbi Tədqiqatlar Milli İnstitutunu və kənd təsərrüfatı sahəsində ixtisaslaşmış Aqronomik Tədqiqatlar Milli İnstitutunu (INRA), həmçinin digər bütün sahələri əhatə edən Milli Elmi Tədqiqatlar Mərkəzini (CNRS) qeyd etmək olar. Fransada elmi tədqiqatlara ümumilikdə 49,5 milyard avro və ya ÜDM-in 2,2 faizi ayrılır. Yalnız CNRS-də aparılan tədqiqatlara dövlət büdcəsindən 3,5 milyard avro ayrılır. CNRS elmi nəşrlərin sayına görə dünyada ən nüfuzlu tədqiqat orqanlarındandır.

Fransada elmi tədqiqatlar dövlət və özəl sektorlar tərəfindən aparılır və maliyyələşdirilir. Özəl sahədə aparılan tədqiqatlar şirkətlərin profillərinə uyğun olaraq, onların sifarişləri üzrə həyata keçirilir və həmin şirkətlər tərəfindən maliyyələşir. Danon, Şanel, Mişlen kimi iri kompaniyalar bu məqsədlə böyük məbləğdə vəsait ayırırlar. Məsələn, Mişlen şirkəti (şin istehsalı ilə məşğul olur) hər il tədqiqatlar üçün bir milyard avrodan artıq pul xərcləyir. Bu şirkətlər tədqiqatların nəticələrini, patentləşdirilmiş yeni texnologiyaları öz istehsal proseslərində tətbiq edilər. Beləliklə, elmi mərkəzlərin çoxmilyardlıq iqtisadiyyatı formalaşır.

Ölkədə elmi tədqiqatların 40 faizi dövlət tərəfindən, 60 faizi özəl tədqiqat mərkəzləri tərəfindən maliyyələşir. Dövlət tədqiqat mərkəzində çalışan alimlər müəyyən müddət ərzində özəl sektora qoşula bilirlər, sonra yenə dövlət sektorundakı fəaliyyətlərinə qayıdırlar. Dövlət sektorunda elmi, özəl sektorda isə tətbiqi tədqiqatlar aparılır.

“Fransada strateji tədqiqatlara gəldikdə isə bu, Müdafiə və Daxili İşlər Nazirliyinin, eləcə də Kəşfiyyat Xidmətinin marağında olan tədqiqatlardır. Bu orqanlar tədqiqatın mövzusunu təhlil edərək, onun dövlət üçün nə dərəcədə yararlı olduğunu müəyyən edirlər. Belə tədqiqatlar məxfi, yəni konfidensial olur. Strateji tədqiqatların bəzisi müəyyən müddətdən (10, 20 və ya 50 ildən) sonra ictimailəşə bilər”, - deyə fransız akademik diqqətə çatdırıb.

Həmsöhbətimiz əlavə edib ki, Tədqiqat və Ali Təhsilin Qiymətləndirilməsi üzrə Ali Şura (HCERES) ölkədəki bütün ali təhsil və tədqiqat strukturlarının qiymətləndirilməsini həyata keçirir. Müstəqil qurum olan HCERES öz təhlilləri, qiymətləndirmələri və tövsiyələri vasitəsilə Fransada ali təhsilin və tədqiqatların keyfiyyətinin yaxşılaşdırılması prosesini müşayiət edir, məsləhətlər verir və onları dəstəkləyir.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.