SİYASƏT


Mavritaniya saytlarında Azərbaycan haqqında məqalələr yayılıb

Rabat, 3 iyun, AZƏRTAC

Mavritaniya İslam Respublikasının “Əl-Havadis” və “Əl-Səfir” saytlarında 28 May – Respublika Gününə həsr olunmuş məqalələr dərc edilib.

Məqalələrdə bildirilir ki, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ölkədə Respublika Günü kimi dövlət səviyyəsində qeyd olunur. Azərbaycan Xalq Cümhuriyyəti müsəlman dünyasında ilk parlamentli respublika, hüquqi və dünyəvi dövlət nümunəsi oldu. Cümhuriyyət ölkədə baş verən ictimai, siyasi və mədəni inkişaf, Azərbaycan xalqının milli oyanışı və dirçəlişi proseslərinin məntiqi nəticəsi kimi meydana çıxdı.

Qeyd edilir ki, Azərbaycan Xalq Cümhuriyyətini Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini birləşdirən yeni dövlət və cəmiyyət nümunəsi kimi qiymətləndirmək olar. Cəmi 23 ay ömür yaşamış müstəqil Azərbaycan Cümhuriyyəti böyük nailiyyətlər əldə etmişdir. Bir çox Avropa ölkəsindən əvvəl qadınlara seçki hüququ verildi, milli ordu yaradıldı, xarici siyasət və təhlükəsizlik strukturları quruldu, Bakı Dövlət Universiteti yaradıldı, milli pul vahidi buraxıldı, beynəlxalq ictimaiyyət Azərbaycanın müstəqilliyini rəsmi şəkildə tanıdı.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən bəhs edilən yazılarda Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən maddi-mədəni və dini abidələrin dağıdılması, talan və təhqir edilməsi, mənimsənilməsi kimi məqsədli siyasətin həyata keçirildiyi diqqətə çatdırılır. Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində Dağlıq Qarabağ və ətraf yeddi rayon daxil olmaqla, ölkə ərazisinin 20 faizinin işğal edildiyi və bir milyondan artıq azərbaycanlının öz doğma torpaqlarından didərgin salındığı bildirilir. Vurğulanır ki, münaqişə Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq tanınmış sərhədləri çərçivəsində həll edilməlidir. Bu mövqe beynəlxalq hüququn norma və prinsipləri, BMT Nizamnaməsi, Helsinki Yekun Aktı və münaqişənin nizamlanması istiqamətində qəbul edilmiş çoxsaylı beynəlxalq sənədlərə əsaslanır.

Məqalələrdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövlətçiliyimizin qurulması və möhkəmləndirilməsi istiqamətində fəaliyyəti barədə də məlumat verilir. Qeyd edilir ki, 1993-cü ildə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkə tədricən böhrandan çıxmağa başladı, ictimai və siyasi sabitlik bərqərar olundu, milli birlik təmin edildi və həyatın bütün sahələrində yenidənqurma işlərinə başlanıldı. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasi-iqtisadi kurs özünü doğruldub. Onun siyasi kursu 2003-cü ildən başlayaraq Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Məqalələrdə Azərbaycanın elm, mədəniyyət, təhsil, səhiyyə sahələrində həm respublika, həm də beynəlxalq səviyyədə öz xidmətləri ilə tanınan, idmanın inkişafına qayğı göstərən Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın ölkəmizin ictimai-siyasi həyatındakı rolu barədə də bəhs edilir.

Yazılarda 2010-cu ildə Mavritaniya İslam Respublikasının Prezidenti Məhəmməd Uld Əbdüləzizin Azərbaycan Respublikasına səfərinin ikitərəfli münasibətlərdə yeni mərhələnin başlanğıcı olduğu vurğulanır. Bildirilir ki, səfər zamanı kənd təsərrüfatı, ticarət, mədəniyyət və s. sahələrdə əməkdaşlığı əhatə edən sənədlər imzalanıb. Mavritaniya Prezidenti Məhəmməd Uld Əbdüləzizin Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü zamanı ikitərəfli münasibətlərin inkişafı üçün yaxşı imkanların olduğunun vurğulandığı bildirilir və bu səfərin əlaqələrin gələcək inkişafı baxımından önəmi qeyd edilir.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Rabat

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.