İQTİSADİYYAT


May ayı üzrə bank sektorunun icmal göstəriciləri açıqlanıb

Bakı, 2 iyul, AZƏRTAC

Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) may ayı üzrə bank sektorunun icmal göstəricilərini açıqlayıb.

MBNP-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, mayın 31-nə Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 27 559 milyon manat, kredit portfeli 11 552 milyon manat, cəmi öhdəlikləri isə 23 630 milyon manat təşkil edib. Sektorun balans kapitalı 3 929 milyon manat, əhalinin əmanətləri isə 7 868 milyon manat olub. 2018-ci ilin may ayı ərzində bank sektorunun aktivləri 0.3 faiz (92 milyon manat), öhdəlikləri 0.6 faiz (149 milyon manat) azalıb, kapitalı isə 1.5 faiz (57 milyon manat) artıb.

Bank sektorunda kredit aktivliyinin artması müşahidə olunur. Belə ki, kredit portfeli may ayı ərzində 1.1 faiz (130 milyon manat) artıb.

2018-ci ilin may ayında daha sabit maliyyələşmə mənbəyi hesab olunan əhalinin müddətli əmanətləri 2.5 faiz (137 milyon manat) artıb.

Bank sektoru cari ilin may ayında 52 milyon manat mənfəət generasiya edib. Əldə olunan mənfəət sektorun sağlamlaşdırılması tədbiri olaraq ötən dövrlərdə formalaşmış kredit itkilərinin qarşılanmasına yönəldilib.

Fəaliyyət göstərən 30 bankın filiallarının sayı 511, şöbələrinin sayı 143, ATM-lərin sayı 2 471 olub. Bütövlükdə, bank sektorunun işçi heyəti may ayı ərzində 1 faiz (159 nəfər) artaraq 16 662 nəfər təşkil edib. İlin əvvəlindən isə bank sektorunun işçi sayı 3 faiz (491 nəfər) artıb.

Mayın 31-nə bank sektorunun əsas göstəriciləri bank sektorunun icmal göstəricilərində öz əksini tapıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.