MƏDƏNİYYƏT
“Mayak” filmi beynəlxalq kinofestivalda iki mükafat qazanmışdır
Bakı, 18 iyul (AZƏRTAC) Rusiyanın Yaroslavl şəhərində “Dünyaya işıq” İkinci Beynəlxalq gənclər kinofestivalı başa çatmışdır.
AZƏRTAC xəbər verir ki, festivala 11 ölkədən 211 film təqdim olunmuşdur. Müsabiqədə Azərbaycan, Ukrayna, Belarus, Estoniya, Gürcüstan, İsrail, Böyük Britaniya, Almaniya, Polşa, həmçinin Rusiyanın müxtəlif regionlarından filmlər nümayiş etdirilmişdir.
Azərbaycan 10 nominasiya üzrə keçirilən müsabiqədə gənc rejissor Fariz Əhmədovun “Mayak” filmi ilə təmsil olunmuşdur. Ekran əsəri kinofestivalın “Bədii film” nominasiyasında ikinci yeri qazanmış, “Uşaq filmləri” nominasiyasında isə B kateqoriyasının (19-30 yaş) qalibi olmuşdur.
“Bu meydan, bu ekran - 2011” kino müsabiqəsinin nəticələrinə əsasən, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə ekranlaşdırılan “Mayak” filminin ssenari müəllifi Esmira Eyyub, operatoru Nizami Abbas, rəssamı İbrahim Eminov, bəstəkarı Rauf Əliyevdir.
Ekran əsərində ata və oğul arasındakı münasibətlərdən bəhs olunur. Ata narkoman oğlunu sağaltmaq məqsədi ilə onu məcburən kimsəsiz adaya aparır. Oğlu isə hər yolla onun yanından baş götürüb qaçmaq, öz istəyinə uyğun yaşamaq istəyir. Filmdə atanın oğlu üçün bir növ mayak rolunu oynaması göstərilir.