İDMAN
Mayamidə Formula 1-ə yekdilliklə səs veriblər
Bakı, 11 may, AZƏRTAC
Mayın 10-da Mayami şəhərinin hakimiyyət orqanlarının qarşısında “Liberty Media” ilə Formula 1 avtoyürüşlərinin keçirilməsi barədə danışıqları davam etdirib-etdirməməyi müəyyənləşdirmək məsələsi dururdu. Elə həmin axşam məlum olub ki, ideya yekdilliklə dəstəklənib.
AZƏRTAC xəbər verir ki, səsvermənin nəticələrinə əsasən dərc edilmiş qətnamədə deyilir: “Şəhər komissiyasının qərarına müvafiq olaraq, Formula 1-i Mayamiyə gətirmək və 2019-2028-ci illərdə Qran-Pri yarışlarının Mayamidə keçirilməsi səyləri dəstəklənib. Siti-menecerə Mayami şəhəri ilə Formula 1 arasında saziş barədə lazımi danışıqlar aparılması tapşırılıb”.
Formula 1-in kommersiya direktoru Şon Bratçes deyib: “Biz Formula 1 mərhələsinin Mayamidə keçirilməsinin qabaqcadan bəyənilməsi barədə aparılan səsvermədə yekdil dəstək almasına sevinirik. Bu, hələ prosesin başlanğıcıdır. Biz yekun razılığa nail olmaq üçün bütün maraqlı tərəflərlə, şəhərin və limanın hakimiyyət orqanları, “Bayfront Park Management Trust” və digərləri ilə dərhal danışıqlara başlayacağıq. Formula 1 Mayami mərhələsi – planetin ən yaxşı avtoyürüşünü dünyanın ən tanınmış şəhərlərindən birində nümayiş etdirmək üçün fantastik fürsətdir”.