İQTİSADİYYAT


Mayda Bakıda “Lightest” layihəsi üzrə işçi qrupun görüşünün keçirilməsi planlaşdırılır

Bakı, 8 fevral, AZƏRTAC

Mayda Bakıda “Lightest”–“qlobal etibarlılıq” layihəsi çərçivəsində işçi qrupunun görüşünün keçirilməsi nəzərdə tutulur.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən (NRYTN) AZƏRTAC-a bildirilib ki, Danimarkanın paytaxtı Kopenhagendə Avropanın tətbiq və proqramlar üzrə ixtisaslaşan ən böyük tədqiqat təşkilatı “Fraunhofer”in reallaşdırdığı “Lightest” layihəsi çərçivəsində konfrans keçirilib. Danimarka Texniki Universitetində keçirilən konfransda ölkəmizi nazirliyin Məlumat Hesablama Mərkəzinin (MHM) direktoru Elnar Əsədov və Milli Sertifikatlar Xidməti Mərkəzinin rəhbəri Arif Mailov təmsil edib.

Konfransda layihə çərçivəsində görüləcək işlərin cari vəziyyəti, gələcək işlər və təqdim olunma tarixləri, layihənin inkişafı barədə məlumatlar verilib.

Bundan başqa, etik tələblər, konsepsiyalar və dəyərləndirmələr, açıq məlumatlar üçün Etimad Sxeminin Yaradılması və sair fəaliyyət istiqamətləri üzrə müzakirələr aparılıb.

MHM-in konfransda iştirakdan əsas gözləntiləri elektron imzanın transsərhəd tanınmasını reallaşdıracaq infrastrukturun qurulmasını tezləşdirməkdir. Həmçinin, elektron imzanın tətbiqi ilə daha səmərəli və etibarlı sosial xidmətlərin yaradılması üçün fikir mübadiləsi aparmaq, bu sahədə mövcud qlobal vəziyyətin araşdırılmasıdır.

Azərbaycan nümayəndə heyətinin bu konfransda iştirakı ölkəmizdə rəqəmsal inkişafa dəstək göstərəcək, Avropa ölkələri ilə bu istiqamətdə əməkdaşlığın möhkəmlənməsinə, təcrübə mübadiləsinə şərait yaradacaq.

Qeyd edək ki, Məlumat Hesablama Mərkəzi “Lightest” layihəsinin mütəxəssislərilə etibarlı tranzaksiyaların icrası ilə bağlı sıx əməkdaşlıq edir. Həmçinin Milli Sertifikatlar Xidməti Mərkəzinin rəhbəri 2018-ci ildə layihənin Məsləhət Şurasına üzvlüyə qəbul edilib.

“Lightest” layihəsi Avropa İttifaqı ilə əlaqəsi olan bütün dövlət və özəl müəssisələr tərəfindən təqdim olunan xidmətlər üçün mühüm əhəmiyyətli həllər yaradır və elektron tranzaksiyalar zamanı saxta kimlikləri müəyyən etməyə kömək edir. Bu həll müxtəlif tətbiqlərin istifadə olunduğu platformalarda elektron imzanın təsdiqindən tutmuş, elektron satınalma, elektron ədliyyə, elektron səhiyyə və hüquqi sahələrdə “Əşyalar İnterneti” üzrə alətlərin, sensorların təsdiqinin etibarlığına zəmanət verir.

Layihənin məqsədi qlobal domenlərarası etimad infrastrukturunun yaradılmasıdır. Bu infrastruktur xidmət təminatçılarına şəffaf və asan elektron əməliyyatlar təqdim etməyə şərait yaradır. Müxtəlif etimad orqanlarını sorğulayaraq identifikasiya, biznes və sair kimi aspektləri bir arada toplayıb domenyönümlü etimad qərarları tətbiq etmək mümkündür.

Avropa İttifaqına üzv dövlətlər arasında bütünləşmə, iqtisadi inteqrasiya “Lightest”in əhəmiyyətini daha da artırır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.