İQTİSADİYYAT


Mayda “OPEC+” sazişi üzrə öhdəliklərə 87 faiz əməl olunub

Bakı, 19 iyun, AZƏRTAC

May ayında OPEC və qeyri-OPEC ölkələri (“OPEC+”) neft hasilatının məhdudlaşdırılmasına dair sazişə 87 faiz əməl edib.

AZƏRTAC xəbər verir ki, “OPEC+” Nazirlərinin Birgə Monitorinq Komitəsinin (JMMC) videokonfrans formatında keçirilən iclasında bütün iştirakçı ölkələrin öhdəliklərə 100 faiz səviyyəsində əməl etməsinin vacibliyi vurğulanıb.

Əməletmə səviyyəsi aşağı olan ölkələrin isə çatışmazlıqları iyul, avqust və sentyabr aylarında kompensasiya etmələri qeyd olunub. Mayda öhdəliklərinə əməletmə səviyyələri aşağı olan ölkələrin iyul, avqust və sentyabr ayları üzrə kompensasiya planlarını təqdim edib.

Xatırladaq ki, aprelin 12-də “OPEC+” ölkələri nazirlərinin 10-cu iclasında qəbul edilmiş tarixi razılaşma, ümumilikdə, gündəlik xam neft hasilatının may-iyunda 9,7 milyon barrel, iyul-dekabrda 7,7 milyon barrel, 2021-ci ildən 2022-ci il aprel ayının sonuna qədər 5,8 milyon barrel azaldılmasını nəzərdə tuturdu. İyunun 6-da OPEC-ə üzv və qeyri-üzv ölkələrin nazirlərinin videokonfrans formatında keçirilən 11-ci iclasında gündəlik neft hasilatının 9,7 milyon barrel azaldılması ilə bağlı mövcud kvotanın müddətinin daha bir ay - iyulun sonunadək uzadılması barədə qərar qəbul olunub. Beləliklə, iyulda gündəlik neft hasilatını OPEC ölkələri 6,08 milyon barrel, qeyri-OPEC ölkələri isə 3,61 milyon barrel azaldacaq. Qeyd edək ki, Səudiyyə Ərəbistanı, BƏƏ, Küveyt və Oman isə iyun ayında gündəlik neft istehsalını əlavə olaraq, təxminən 1,2 milyon barrel həcmində ixtisar edib.

Yeni “Əməkdaşlıq Bəyannaməsi”nə uyğun olaraq Azərbaycan may-iyun ayları üzrə 164 min barrel həcmindəki öhdəliyini bu müddət ərzində də yerinə yetirərək, gündəlik xam neft istehsalını 554 min barrel səviyyəsində saxlamalıdır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.