İDMAN


Mayıl Həsənov: Stend atıcılığı kompleksinin hər bir yeniyetmə və gənc üçün doğma məkana çevrilməsinə çalışırıq

Bakı, 2 iyun, AZƏRTAC

Olimpiya İdman komplekslərinin və digər idman təyinatlı obyektlərin açıq havada yerləşən meydança və qurğuları idmançıların istifadəsinə verilib. Bakı Atıcılıq Mərkəzi də qapılarını idmançıların üzünə açaraq bu mövsüm üçün hazırlığı davam etdirir. Kompleksin direktor əvəzi Mayıl Həsənov idman qurğusunun fəaliyyəti ilə bağlı AZƏRTAC-a müsahibə verib.

Atıcılığın Azərbaycanda qədim ənənələrinin olduğunu bildirən M.Həsənov idmanın bu növü üzrə ən böyük nailiyyətlərin Azərbaycanın müstəqilliyinin bərpasından sonra əldə edildiyini deyib: “Stend atıcılığı üzrə Zemfira Meftaxətdinova Sidney Olimpiadasının qızıl, Afina Yay Olimpiya Oyunlarının bürünc medallarını qazanıb. Dəfələrlə dünya və Avropa çempionudur. Güllə atıcılığı üzrə isə İradə Aşumova Afina Olimpiadasının bürünc medalına layiq görülüb. Beynəlxalq turnirlərin qalib və mükafatçıları olan Azərbaycan atıcıları saysız-hesabsız uğurları ilə xalqımızı sevindirirlər. Sidney Olimpiadasından sonra ulu öndər Heydər Əliyevin göstərişi ilə möhtəşəm kompleksin tikilərək istifadəyə verilməsi bu sahədə daha güclü potensiala malik idmançıların yetişməsi üçün geniş imkanlar yaradıb”.

O, hazırda davam edən məşqlər zamanı karantin dövrünün bütün tələblərinə ciddi əməl etməyin vacibliyini bildirib: “Koronavirus pandemiyası səbəbindən yaranmış fasilədən sonra açıq havada artıq məşqlər başlayıb. Hazırkı dövrdə idmançıların sağlamlığı da bizim üçün çox önəmlidir. Hər kəs özünü qorumalı, xüsusi karantin rejiminin bütün tələblərinə ciddi əməl etməlidir”.

M.Həsənov deyib ki, ən müasir avadanlıqla təchiz edilmiş və hər bir şəraiti olan kompleksdə stend atıcılığı ilə yanaşı, atıcılığın digər növlərinin inkişafı üçün də hər cür şərait var və bu imkanlardan istifadə edərək gələcəyin olimpiyaçılarını yetişdirmək ümdə vəzifələrdən biridir. İdman qurğusu Beynəlxalq Atıcılıq Federasiyasının bütün norma və tələblərinə tam cavab verir, zallarda aparıcı dünya istehsalçılarının ən yeni avadanlıqları quraşdırılıb. Belə ki, çoxsaylı inzibati binalardan, idmançılar və komandalar üçün nəzərdə tutulmuş yerlər, məşq və yarış zalları, hakimlər üçün xüsusi otaqlar, eyni zamanda, mətbuat konfranslarının keçirilməsi üçün böyük zallar, dopinq yoxlama otağı, tibb məntəqəsi və s. təlim-məşq prosesinin burada ən yüksək səviyyədə qurulmasını təmin edir. Ərazisi abadlaşdırılmış, yaşıllıq zolaqları salınmış kompleksdə idmançı, məşqçi və qonaqlar üçün hər bir şərait var.

M.Həsənov yığma komandalarımızla yanaşı, xarici ölkə komandalarının da burada təlim-məşqlər keçməsi üçün hər bir şəraitin olduğunu vurğulayıb. O bildirib ki, Gənclər və İdman Nazirliyi, eləcə də Atıcılıq Federasiyası təlim-məşqlərin təşkili, idmançıların hazırlığının yüksək səviyyədə təminatı üçün lazımi kömək göstərir. Atıcılıq sahəsində istedadlı yeniyetmələrimiz var və onları potensialını üzə çıxarmaq lazımdır. Bu istiqamətdə bir sıra işlərin görülməsi nəzərdə tutulub.

Qeyd edək ki, güllə atıcılığı üzrə Rusiyanın yığma komandası bu ilin martında - karantin rejimindən əvvəl kompleksdə təlim-məşqlər keçib. Yığmanın baş məşqçisi Tatyana Qaldubina müsahibəsində komanda üzvlərinin kompleksdə yüksək səviyyədə təlim-məşqlər keçdiyini qeyd edib. O, kompleksdə məşq etmək, qidalanmaq, qalmaq və digər xidmətlərin idmançıların ürəyindən olduğunu, məmnuniyyətlə yenidən kompleksdə təlim-məşqləri keçəcəklərini vurğulayıb.

Rusiya komandası ilə yanaşı, Gürcüstanın güllə atıcılığı üzrə yığma komandası da kompleksdə təlim-məşqlərə qatılmışdı. Komandanın baş məşqçisi Nino Salukvadze kompleksin dünyanın ən qabaqcıl idman qurğularından biri olduğunu qeyd edib. O, müasir avadanlıqla təchiz edilmiş idman qurğusunda idmançıların hərtərəfli məşq keçmələri üçün gözəl imkanlar yaradıldığını vurğulayıb.

Bakı Atıcılıq Mərkəzinin fəaliyyətini getdikcə genişləndirməyi qarşısına məqsəd qoyduğunu bildirən M.Həsənov deyib: “Mərkəz öz fəaliyyətini getdikcə genişləndirir. Qarşıda ciddi planlar və hədəflər var. Çalışacağıq ki, kompleks həm idmançılar, həm də idmanın bu növünə həvəs göstərən hər bir yeniyetmə və gənc üçün ən doğma məkana çevrilsin”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.