İQTİSADİYYAT


Mayın 15-də Bakıda 4 ixtisaslaşmış sərgini özündə birləşdirən genişmiqyaslı tədbir işə başlayır YENİLƏNİB VİDEO

Bakı, 14 may, AZƏRTAC

Mayın 15-17-də Bakı Ekspo Mərkəzində bu ilin 4 ixtisaslaşmış sərgisini özündə birləşdirən ən genişmiqyaslı tədbir keçiriləcək.

AZƏRTAC xəbər verir ki, bu barədə mayın 14-də keçirilən mətbuat konfransında “Caspian Event Organisers” şirkətinin region üzrə direktoru Edvard Stroun deyib.

Onun sözlərinə görə, mayın 15-17-də Bakı Ekspo Mərkəzində bu ilin 4 ixtisaslaşmış sərgisini özündə birləşdirən ən genişmiqyaslı tədbir keçiriləcək. Sərgi kompleksinin 3 zalında və açıq meydançasında yerləşən 25-ci Yubiley Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi - “WorldFood Azerbaijan”, 13-cü Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi - “Caspian Agro”, Xəzər Beynəlxalq Qablaşdırma, Tara, Etiket və Poliqrafiya Sərgisi - “Ipack Caspian” və 13-cü Qafqaz Beynəlxalq Mehmanxana, Restoran və Supermarketlər üçün Avadanlıq və Ləvazimatlar Sərgisi - “HOREX Caucasus” 32 ölkəni təmsil edən 440 şirkəti, eləcə də 11 milli və regional qrupu bir araya gətirəcək. Ötən illə müqayisədə sərginin ekspozisiya sahəsi 20 faiz artıb. Eksponentlərin 70 faizini xarici şirkətlər təşkil edir.

Bildirilib ki, sərgilər Kənd Təsərrüfatı Nazirliyi fəal iştirak edir və tədbiri yaxından dəstəkləyir. Sərgilər, həmçinin BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), AZPROMO, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə keçirilir. Təşkilatçı “Caspian Event Organisers” şirkəti və onun beynəlxalq agentlər şəbəkəsidir.

Bu il 25 illik yubileyini qeyd edən “WorldFood Azerbaijan” sərgisi öz qapılarını ziyarətçilərin üzünə ilk dəfə 1995-ci ildə açıb və o vaxtdan etibarən həm Azərbaycanda, həm də regionda mütəxəssislər arasında artan nüfuza malikdir. Sərgi 25 illik uğurlu fəaliyyəti ərzində 40-dan çox müxtəlif ölkəni təmsil edən 2137 şirkəti bir araya gətirib. Nəticədə bu şirkətlərin çoxu Azərbaycanda distribüter tapıb və uğurlu biznes qurub. Bu gün sərgi qida sənayesinin aparıcı yerli və beynəlxalq istehsalçıları, distribüterləri və ixracatçılarının unikal görüş yerinə çevrilib.

“WorldFood Azerbaijan 2019” sərgisində 19 ölkədən 189 şirkət iştirak edir. Sərgi iştirakçıları arasında Azərbaycan, Litva, Rusiya, Sloveniya, Ukrayna, Xorvatiya və digər ölkələri təmsil edən şirkətlər yer alır. Bu il İtaliya, Türkiyə və Şri-Lanka tədbirdə milli stendlərlə çıxış edir. Ənənəvi olaraq, sərgidə Rusiyanın Başqırdıstan, Penza, Varonij, Vladimir, Kabarda-Balkar kimi regional qrupları da iştirak edir. Bu il sahəsi genişlənmiş Belarusun milli stendinin ekspozisiyası eyni anda iki zalda - ikinci və sərginin tarixində ilk dəfə açılmış üçüncü zalda təqdim ediləcək.

Ənənəvi olaraq, "Made in Azerbaijan" brendi ilə sərgidə geniş çeşiddə qida məhsulları, ət və süd məhsulları, çay, bal, şirələr və milli istehsalçıların digər məhsulları, həmçinin metal konstruksiyalar təqdim olunur. Sərginin sektorları arasında: “WorldFood” - qida sənayesi, “WorldDrink” - içkilər, “WorldFoodTech” texnologiyalar sektorları yer alır. Bu sektorlarda Azərbaycanın və bir sıra xarici ölkələrin təmsilçiləri qənnadı məmulatları, ət və süd məmulatları, şirələr, çay məhsulları, qəhvə, eləcə də meyvə-tərəvəzlər üçün avadanlıqlar, metal konstruksiyalar, markalama avadanlıqları və sair kimi məhsul və xidmətlərin geniş çeşidini təqdim edəcəklər. Sevindirici haldır ki, sərgidə debüt edən şirkətlər tədbir iştirakçılarının 40 faizini təşkil edir.

Sərgiyə dəstək verən strukturlar da tədbirdə fəal iştirak edir. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi həm sərgi salonunda, həm də açıq platformada fəal çıxış edir. Sərgidə həmçinin Ailə Biznesinə Dəstək Mərkəzi (ABAD) də iştirak edir.

Qeyd edilib ki, 25-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi sərgisində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin dəstəyi ilə qida sənayesi sahəsində fəaliyyət göstərən startaplar, mikro və kiçik sahibkarlıq subyektləri öz məhsul və xidmətlərini təqdim edəcəklər. Mikro və kiçik sahibkarlar üçün nəzərdə tutulmuş stenddə sahibkarlıq subyektləri tərəfindən meyvə quruları, süd və süd məhsulları, bal, milli sağlam qidalar, meyvə suları, bitki çayları, müxtəlif yağlar, şokolad və sair məhsullar, eləcə də bu sahədə xidmətlər təqdim ediləcək.

Həmçinin “WorldFood Azerbaijan” sərgisi çərçivəsində Xəzər Beynəlxalq Qablaşdırma, Tara, Etiket və Poliqrafiya Sərgisi “Ipack Caspian 2019” sərgisinin ekspozisiyası təqdim edilir. Azərbaycan, Türkiyə, Xorvatiya və digər ölkələri təmsil edən iştirakçılar hazır qablaşdırma və etiketləri, qablaşdırma və markalama avadanlıqlarını, taraları, qablaşdırma məhsullarını istehsal etmək üçün material, xammal və avadanlıqları təqdim edir.

Məlumat verilib ki, bu il “Caspian Agro 2019” sərgisi öz tarixinin ən genişmiqyaslı tədbirini keçirir. Sərgi 26 ölkəni təmsil edən 240 şirkət nümayəndələrini bir araya gətirib. Gürcüstan və Niderland Krallığı sərgidə milli qruplarla iştirak edir. Sərgidə ənənəvi iştirakçılar ilə yanaşı, debüt edən ölkə - Mərakeş də yer alıb. Sərgidə debüt edən şirkətlərin sayı tədbir iştirakçılarının 40 faizini təşkil edir.

“Caspian Agro 2019” sərgisinin iştirakçıları regionda ən böyük ekspozisiyanı təqdim edir. Buraya suvarma sistemləri, istixanalar üçün avadanlıqlar, parniklər, heyvandarlıq sahəsi üçün avadanlıqlar, heyvan yemləri, toxumlar, kənd təsərrüfatı texnikası, baytarlıq preparatları, laboratoriya avadanlıqları, heyvandarlıq və quşçuluq, baytarlıq, bitkiçilik, meyvə və tərəvəzlərin becərilməsi və sair daxildir. Kənd təsərrüfatı məhsulları və avadanlıqlarının geniş çeşidi, suvarma və sulama sistemləri, istixanalar və yerli istehsalçıların digər məhsulları "Made in Azerbaijan" brendi altında sərgidə təqdim olunur.

Bir çox illər ərzində sərgiyə dəstək vermiş Kənd Təsərrüfatı Nazirliyi sərgi çərçivəsində ilk dəfə olaraq 3-cü sərgi zalında, eləcə də açıq platformada innovativ stend ilə iştirak edir. Stenddə ölkənin kənd təsərrüfatı sahəsindəki ən son nailiyyətlər, eləcə də ən son sənaye yenilikləri nümayiş etdiriləcək. Həmçinin stenddə nazirlik tərəfindən dəstəklənən perspektivli “startaplar” geniş təqdim olunacaq. Bu təşəbbüs çərçivəsində tələbələr və gənc mütəxəssislər öz innovativ layihələrini sənayenin aparıcı iştirakçılarına nümayiş etdirmək, dəyərli təcrübə və dəstək almaq imkanı əldə edəcəklər.

Beləliklə, “Сaspian Agro 2019” sərgisi növbəti dəfə kənd təsərrüfatı kompleksinin bütün mütəxəssisləri, eləcə də fermerlər, kənd təsərrüfatı məhsullarının distribüterləri və Azərbaycanda kənd təsərrüfatı sektorunun inkişafında maraqlı olan və bu prosesdə fəal iştirak edən hər kəs üçün görüş yerinə çevriləcək.

Qafqaz beynəlxalq mehmanxana, restoran və supermarketlər üçün avadanlıq və ləvazimatlar sərgisi (“HOREX Caucasus”) ilk dəfə olaraq yuxarıda qeyd edilmiş sərgilər ilə eyni platformada keçirilir. Sərginin bu formatı səmərəli əməkdaşlığa yeni təkan verəcək və eksponentlərin qarşısında yeni imkanlar açacaq. Sərgidə Azərbaycan, Belarus, Rusiya, Türkiyə, Ukrayna və bir sıra digər ölkələri təmsil edən iştirakçılar ilə distribüter və istehsalçılar arasında qarşılıqlı faydalı sövdələşmələrin imzalanması üçün görüşlər keçiriləcək, habelə mehmanxana, restoran və super-marketlər üçün peşəkar soyuducu avadanlıqlar, mətbəx avadanlıqları, hava təmizləyici sistemlər, mebellər, qablar, turizm üçün mallar (odluqlar, manqallar, qazanlar, şişlər, hisə vermə sobaları), çörəkxana və qənnadı avadanlıqları nümayiş olunacaq.

Sərgi çərçivəsində təşkilatçılar tərəfindən zəngin işgüzar proqram hazırlanıb. Belə ki, sərginin keçiriləcəyi günlər ərzində müxtəlif treninq, seminar və işgüzar görüşlər təşkil ediləcək.

Həmçinin Azərbaycanda ilk dəfə olaraq Turizmə Dəstək və Milli Qastronomiya Təşkilatı və “chefs.az” internet resursunun təşkilati dəstəyi ilə “Chefs Cup” aşpazlar çempionatı keçiriləcək. Sözügedən tədbir Azərbaycanda qastronomik turizmin inkişafına töhfə verəcək. Müsabiqədə iştirak müxtəlif kulinariya sahələrini təmsil edən komandaların öz yüksək peşəkarlıq, istedad və beynəlxalq standartlara cavab vermək istəyini nümayiş etdirməsinə imkan yaradacaq.

Sərginin ilk 2 günü xarici və yerli istehsalçı və distribüterlərin, eləcə də pərakəndə satış şəbəkəsi nümayəndələrinin iştirakı ilə gələcək əməkdaşlıq və tərəfdaşlıq yollarını üzbəüz müzakirə etmək üçün ənənəvi “B2B” formatlı görüşlər keçiriləcək. Tədbir çərçivəsində artıq 200-dən çox görüş planlaşdırılıb. Bu görüşlər bütün mövcud işgüzar əlaqələrin gücləndirilməsi və biznesin inkişafı üçün yeni imkanlar axtarışı baxımından əla fürsətdir.

“WorldFood Azerbaijan” sərgisində “Rusiya İxrac Mərkəzi” SC və “Caspian Event Organisers” şirkəti tərəfindən “Russian Gastro Week” – “RGW Azərbaycan” tədbirlər silsiləsi çərçivəsində Rusiyanın işgüzar missiyası da iştirak edəcək. Missiyanın gedişində bazarın monitorinqi və Rusiya məhsullarının Azərbaycana idxalı mövzusunda dəyirmi masa təşkil olunacaq, alıcı-topdan satış şirkətləri ilə görüşlər keçiriləcək. İşgüzar missiyaya Rusiyanın qida məhsulları istehsalçıları və yerli sahibkarlar arasında keçirilən “B2B” formatlı görüşlər də daxildir. Onların arasında distribüterlər, ticarət şəbəkələrinin nümayəndələri, habelə qida məhsulları bazarının və qonaqpərvərlik sahəsinin peşəkar iştirakçıları yer alır.

Bu il sərgi çərçivəsində İkinci Bakı Beynəlxalq “Qida təhlükəsizliyi” konfransı da təşkil ediləcək. Konfransda “Codex Alimentarius standartları: Yerli qanunvericilik və beynəlxalq harmonizasiya”, “Risklərə əsaslanan idxal qaydaları”, “HACPP sisteminin tətbiqi və qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən subyektlərin vəzifələri”, “Qida təhlükəsizliyinin təmin olunmasında heyvanların identifikasiya sistemi və izlənilməsi” kimi mövzular müzakirə ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.