CƏMİYYƏT
Mayın 1-dən indiyədək kənd təsərrüfatı texnikalarının iştirakı ilə 13 hadisə qeydə alınıb VİDEO
Bakı, 25 iyul, AZƏRTAC
Mayın 1-dən indiyədək kənd təsərrüfatı texnikalarının iştirakı ilə 13 hadisə baş verib. Bu hadisələr nəticəsində 10 nəfər ölüb, 22 nəfər yaralanıb. Təkcə bir hadisədə 6 nəfər həlak olub.
AZƏRTAC xəbər verir ki, bunu iyulun 25-də sərnişin və yükdaşıma sahəsində yeniliklər, problemlər və qarşıda duran vəzifələrə həsr edilmiş tədbirdə Baş Dövlət Yol Polis İdarəsinin Yol-Patrul Xidmətinin rəisi, polis polkovniki Kamran Əliyev bildirib.
Kənd təsərrüfatı texnikalarının yollarda hərəkətinin təhlükəli olduğunu vurğulayan Kamran Əliyev deyib: “Gecə saatlarında qoşqusunda kotan olan traktor yolda hərəkət edərkən arxadan gələn maşın kotanı necə görə bilər? Yaxud, kənd təsərrüfatı texnikalarının qoşquları ilə sərnişinlərin daşınması yolverilməzdir. Kombayn hərəkət zamanı yolun əksər hissəsini tutur. Ona görə tövsiyə edirik ki, kənd təsərrüfatı texnikaları hərəkətdə olarkən Dövlət Yol Polisini məlumatlandırılsın. Bundan başqa, dəfələrlə traktor idarə edən sürücülərin sərxoş vəziyyətdə olduqları müəyyənləşib. Fikirləşirlər ki, traktoru saxlamayacaqlar. Bu da qəzalara səbəb olur”.
Minik avtomobilləri ilə kənd təsərrüfatı məhsullarının daşınması hallarına da toxunan K.Əliyev bildirib: “Bəzi şəxslər Bakıya çatmaq üçün gecə saat 1-də kənd təsərrüfatı məhsulları yüklənmiş minik avtomobilləri ilə yola çıxırlar. Günorta saatlarında həmin şəxslər yorğun olurlar ki, bu da qəzalarla nəticələnir”.