SİYASƏT
Mayın 28-i ABŞ-ın Pitsburq şəhərində “Azərbaycan Günü” elan edilib
Vaşinqton, 4 may, AZƏRTAC
ABŞ-ın Pitsburq şəhərinin meri Uilyam Peduto Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar rəsmi bəyanat verib.
Bəyanatda bildirilir ki, mer 2018-ci il mayın 28-ni Pitsburqda “Azərbaycan Günü” elan edir.
Sənəddə 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk dünyəvi parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin qurulması və dünyanın digər demokratik dövlətləri, o cümlədən ABŞ tərəfindən tanınması qeyd olunur. Bildirilir ki, Azərbaycan Xalq Cümhuriyyəti irqi, cinsi, etnik və dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlarına bərabər seçki hüququnu tanımaqla yanaşı, müsəlman dünyasında ilk dəfə olaraq qadınlara seçki hüququnun verilməsini təmin edib.
Eyni zamanda, sənəddə Azərbaycan Xalq Cümhuriyyətinin öz müstəqilliyi uğrunda mübarizə aparmasına baxmayaraq, 1920-ci ildə keçmiş Sovetlər Birliyinin tərkibinə daxil edildiyi və 1991-ci ildə öz müstəqilliyini bərpa etdiyi vurğulanır.
Qeyd edilir ki, Azərbaycan son 25 il ərzində öz suverenliyini və müstəqilliyini möhkəmləndirib və hazırda Xəzər regionunda ABŞ-ın müttəfiqi və strateji tərəfdaşıdır.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton