CƏMİYYƏT
Mayisə Ağamirzəyeva: “Bitməyən əzab” filmi ermənilərin azərbaycanlılara verdikləri əzabları açıq şəkildə göstərir
Rotterdam, 6 dekabr, AZƏRTAC
“Bitməyən əzab” sənədli filminə baxarkən bir ana, bir qadın kimi çox mütəəssir oldum. Əslində, biz azərbaycanlılar bu hadisələri yaxşı bilirik. Ancaq o anları ekranda yenidən seyr etmək, yenidən yaşamaq, həmin anlara qayıtmaq çox çətindir. Filmin nümayişi zamanı bir neçə qadın həyəcandan zalı tərk etməli oldu. Erməni vəhşiliyi dözülməzdir. Filmin adından da gördüyümüz kimi, Azərbaycan qadınlarına verilən əzablar bitməzdir.
Bu fikirləri Rotterdamda “Bitməyən əzab” sənədli filminin nümayişindən sonra AZƏRTAC-a müsahibə verən “Ana Vətən” Niderland Azərbaycanlı Qadınlar Birliyinin sədri, Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi Mayisə Ağamirzəyeva söyləyib.
Sənədli filmin Niderlandda nümayişinin böyük əhəmiyyət kəsb etdiyini deyən M.Ağamirzəyeva vurğulayıb ki, əgər Avropada səsimizi yüksəldə, məruz qaldığımız ədalətsizliyi deyə, Azərbaycan qadınının harayını yerli ictimaiyyətə çatdıra biliriksə, deməli, məqsədimizə nail oluruq. Belə filmlər vasitəsilə ölkəmizin reallıqlarını, Qarabağ haqqında həqiqətləri beynəlxalq ictimaiyyətə çatdıra bilərik.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Rotterdam