DÜNYA
Mayk Pompeo Camal Kaşıkçının yoxa çıxması ilə əlaqədar Ər-Riyada gəlib
Bakı, 16 oktyabr, AZƏRTAC
ABŞ-ın dövlət katibi Mayk Pompeo itkin düşən Camal Kaşıkçının məsələsini Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləziz Al Səudla müzakirə etmək üçün Ər-Riyada gəlib.
AZƏRTAC xəbər verir ki, Associated Press informasiya agentliyinin yaydığı məlumata görə, Pompeo oktyabrın 16-da səhər saatlarında Səudiyyə Ərəbistanına çatıb. O, gəlişi ilə bağlı heç bir bəyanat verməyib.
Bir qədər əvvəl ABŞ Prezidenti Donald Tramp özünün “Twitter” səhifəsində jurnalistin itkin düşməsi məsələsini kralla müzakirə etdiyini və vəziyyəti aydınlaşdırmaq üçün Mayk Pompeonu Ər-Riyada göndərdiyini, lazım gələrsə, onun Türkiyəyə də gedəcəyini yazmışdı.
Xatırladaq ki, Camal Kaşıkçı oktyabrın 2-də sənədləşmə işi ilə bağlı Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluğunda daxil olub və həmin vaxtdan itkin düşüb. Onun yoxa çıxması ilə əlaqədar təhqiqat aparılması üçün yaradılan Türkiyə-Səudiyyə Ərəbistanı işçi qrupu dünən Krallığın İstanbuldakı baş konsulluğuna təxminən 9 saat çəkən baxış keçirib. Araşdırmanın nəticələri hələlik açıqlanmır.
Kaşıkçı Ər-Riyadın siyasətinə qarşı tənqidi münasibəti ilə tanınır. 2017-ci ildə vətənini tərk edərək ABŞ-a köçən jurnalist “The Washington Post” qəzetində Səudiyyə Ərəbistandakı vəziyyətə dair analitik yazılarla çıxış edirdi.