REGİONLAR
Maynura Murzamadieva: Naxçıvanda tarixi və dini turizmin inkişaf etdirilməsi üçün böyük potensial var
Naxçıvan, 25 iyun, AZƏRTAC
Naxçıvanda 1200-dən çox tarixi abidənin qeydiyyatdan keçməsi onun qədim tarixə, zəngin mədəniyyətə malik olduğunu göstərir.
Bu fikri AZƏRTAC-ın Naxçıvan bürosuna müsahibəsində “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı – 2018”in açılış tədbirinin iştirakçısı olan Qazaxıstan Respublikasının Mədəniyyət və İdman Nazirliyinin nümayəndəsi Maynura Murzamadieva deyib.
“Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı – 2018”in açılış tədbirində iştirak etdiyinə görə qürur hissi keçirdiyini vurğulayan Maynura Murzamadieva bildirib ki, muxtar respublikada belə tədbirin keçirilməsi İslam aləmi üçün böyük hadisədir.
“Bu, qədim diyarın dünyada tanıdılması üçün də çox mühüm əhəmiyyət daşıyır. Digər tərəfdən, mən turizm sahəsində çalışdığım üçün Naxçıvanın turizm imkanlarını da nəzərdən keçirdim və buna görə də əminliklə deyə bilərəm ki, muxtar respublikanın çox böyük turizm potensialı var”, – deyə Maynura Murzamadieva vurğulayıb. O qeyd edib ki, Duzdağ Fizioterapiya Mərkəzində, Nuh Peyğəmbərin türbəsində, eləcə də şəhərdəki bir sıra görməli məkanlarda tarixi və dini turizmin inkişaf etdirilməsi üçün hər cür şərait yaradıldığının şahidi olub.