DÜNYA


“Meari” tropik qasırğası Tokionun cənubundan keçərək şimal-şərq istiqamətində hərəkət edib

Tokio, 14 avqust, AZƏRTAC

Avqustun 13-dən 14-nə keçən gecə Tokionun cənubuna yaxınlaşan “Meari” tropik qasırğası Çiba prefekturasından keçərək şimal-şərq istiqamətində hərəkət edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb. Bildirilir ki, saniyədə 30 metr sürətlə əsən külək və güclü yağışlar səbəbindən Toçiqi, Şizuoka, Çiba prefekturalarında və Tokioda təqribən 10 min evə elektrik enerjisinin verilişi kəsilib.

Yaponiyanın mərkəzi hissəsinə çatan qasırğa nəticəsində 200-dək aviareys təxirə salınıb, qatarların hərəkətində fasilələr yaranıb.

Təbii fəlakət səbəbindən zərərçəkənlər barədə hələlik məlumat verilmir. Yerli sakinlərə torpaq sürüşmələri, daşqınlar, şimşək çaxması və güclü külək barədə xəbərdarlıq edilib.

Meteoroloqların bildirdiyinə görə, Sakit okean istiqamətində saatda 45 kilometr sürətlə hərəkət edən tropik qasırğanın səhər saatlarında Kuril adalarına çatacağı gözlənilir.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.