İQTİSADİYYAT
Mebel istehsalçıları və ixracatçıları ilə müzakirələr aparılıb
Bakı, 26 aprel, AZƏRTAC
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən iqtisadiyyatın sahələri üzrə sahibkarların qarşılaşdıqları çətinliklərin çevik şəkildə öyrənilməsi, onların qanunvericiliyə dəyişiklik və inzibatçılığın təkmilləşdirilməsi yolu ilə aradan qaldırılması məqsədilə biznes assosiasiyaları ilə görüşlərin keçirilməsi davam etdirilir.
Vergi Xidmətinin Media və kommunikasiya idarəsindən AZƏRTAC-a verilən məlumata görə, növbəti belə görüş "Azərbaycan Mebel İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin və Dövlət Vergi Xidmətinin aidiyyəti strukturlarının nümayəndələrinin iştirakı ilə onlayn formatda təşkil olunub. Vergi siyasəti baş idarəsinin əməkdaşlarının iştirakı ilə keçirilən görüşdə mebel istehsalı və ixracı üzrə mövcud problemlər, onların həlli və sahənin inkişafı üzrə verilən təkliflər müzakirə edilib.
İştirakçıların nəzərinə çatdırılıb ki, qanunvericiliyin investisiyayönümlü olması dövlətin iqtisadi siyasəti üzrə əsas prioritet istiqamətlərdən biri olduğu üçün gələcək dövrlərdə də dövriyyənin şəffaflaşması çərçivəsində sənaye sahəsinə dövlət dəstəyinin verilməsi davam etdiriləcək.
Tədbirdə vergi qanunvericiliyi ilə bağlı qaldırılan məsələlərin, həmçinin sahə üzrə istehsal, ixrac və digər əməliyyatlarla əlaqədar aidiyyəti dövlət orqanları ilə yarana biləcək münasibətlərin tənzimlənməsinin diqqətdə saxlanılacağı qeyd olunub və qarşılıqlı əməkdaşlığın davam etdiriləcəyi vurğulanıb.