CƏMİYYƏT


Məcburi köçkün ailələrinin Abşeron rayonunda yeni yaşayış kompleksindəki mənzillərə köçürülməsinə başlanılıb

Bakı, 7 fevral, AZƏRTAC

Azərbaycanda sosial müdafiəyə xüsusi ehtiyacı olan vətəndaşların, o cümlədən məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması dövlət siyasətinin mühüm istiqamətlərindəndir. Prezident İlham Əliyevin bəyan etdiyi kimi, bu sahədə ardıcıl olaraq məqsədyönlü tədbirlər həyata keçirilir. Son illərdə yeni ev və ya mənzillə təmin edilən məcburi köçkünlərin sayı artmaqdadır. Bakı və Sumqayıt şəhərlərində ağır şəraitdə yaşayan məcburi köçkün ailələrinin problemlərinin həllinə isə xüsusi həssaslıq göstərilir. Birinci vitse-prezident Mehriban Əliyevanın bu barədə verdiyi tapşırığın icrası davamlı xarakter daşıyır.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, fevralın 7-də Sumqayıt şəhərində qəzalı və ağır şəraitdə yaşayan məcburi köçkün ailələrinin Abşeron rayonu ərazisində yeni istifadəyə verilmiş müasir tipli yaşayış kompleksindəki mənzillərə köçürülməsinə başlanılıb.

Məcburi köçkün ailələri tam təmirli və mətbəx mebeli ilə təchiz olunmuş mənzillərə köçürülüb. Bundan başqa, mənzillərdə mərkəzləşdirilmiş internet və televiziya şəbəkəsi quraşdırılıb.

Dövlət vəsaiti hesabına inşa edilən kompleksdə yeni mənzilə köçürülən məcburi köçkünlər onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya təşəkkür ediblər.

Qeyd edək ki, kompleksdəki 1000 mənzilin 77-si birotaqlı, 420-si ikiotaqlı, 406-sı üçotaqlı, 96-sı isə dördotaqlıdır. Ərazidə geniş abadlıq və yaşıllaşdırma işləri görülüb. Qəsəbə bütün zəruri infrastruktur obyektləri ilə təmin edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.