REGİONLAR
Məcburi köçkün fermerlər maarifləndiriləcək
Füzuli, 10 avqust, AZƏRTAC
“İnci” Məcburi Köçkün Qadınlar İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Fermerlərin maarifləndirilməsi və innovativ texnologiyaların tətbiqi yolu ilə yerli istehsalın artırılmasına dəstək” layihəsinin icrasına başlayıb.
İctimai Birlikdən AZƏRTAC-a bildiriblər ki, layihənin məqsədi Biləsuvarda Cəbrayıl və Füzuli rayonlarından olan məcburi köçkünlər üçün salınmış qəsəbələrdə fəaliyyət göstərən fermerlərin maarifləndirilməsi və onların innovativ texnologiyaların tətbiqi sahəsində bilik və bacarıqlarının artırılmasına, məcburi köçkün qadınların məşğulluğunun təmin edilməsinə dəstək göstərilməsidir. Layihə çərçivəsində fermerlərin fəaliyyəti ilə əlaqəli olan hüquqi normalar və qanunvericiliyə edilmiş yeni dəyişikliklərlə bağlı təlim təşkil ediləcək. Təlim zamanı innovativ texnologiyalardan istifadə, biznes fəaliyyətini genişləndirməyin müasir metodları və beynəlxalq təcrübə barədə iştirakçılara geniş məlumat veriləcək.
Layihə çərçivəsində Füzuli rayonunun Qayıdış məcburi köçkün qəsəbəsində yaradılacaq Peşə-Təlim Mərkəzində tikiş-toxuculuq, qadın bərbəri, kompyuter üzrə keçirilən kurslara 30 məcburi köçkün qadın cəlb ediləcək.