CƏMİYYƏT
Məcburi köçkün qadınların məşğulluğuna dəstək verilir
Bakı, 8 avqust, AZƏRTAC
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı (BMT QAK) ilə birgə məcburi köçkün qadınların məşğulluğuna dəstək məqsədilə müxtəlif təlimlər, dəyirmi masalar və mütəmadi görüşlərin təşkilinə davam edir.
Komitədən AZƏRTAC-a bildiriblər ki, Bərdə rayonu ərazisində məcburi köçkün qadınların fəallığının artırılması üçün birgə layihələr də bu əməkdaşlıq çərçivəsində həyata keçirilir. “Məcburi köçkün qadınların sosial, iqtisadi və mədəni sahədə iştirakçılığının artırılması” adlı layihənin əsas məqsədi məcburi köçkün qadınların məşğulluq sahəsində inkişafına və maarifləndirilməsinə, bilik və bacarıqlarının artırılmasına, onların sosial, iqtisadi və mədəni həyata təşviq edilməsinə dəstək verməkdir.
Qeyd edək ki, icrasına başlanılan pilot layihə Bərdə rayon ərazisindəki 588 və 866 ailəlik məcburi köçkün qəsəbələrində, həmçinin Alaçadırlı kəndində məskunlaşmış 40 məcburi köçkün qadını əhatə edəcək.