CƏMİYYƏT


Məcburi köçkün vəsiqələrinin təqdim olunması üçün səyyar xidmət təşkil edilib

Bakı, 27 iyul, AZƏRTAC

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Gəncə şəhəri və Göygöl rayonu ərazisində müvəqqəti məskunlaşmış məcburi köçkünlərdən bir qrupuna, mövcud qanunvericilik əsasında, onların statusunu təsdiqləyən vəsiqənin təqdim olunması üçün səyyar xidmət təşkil edib.

Komitədən AZƏRTAC-a bildiriblər ki, səyyar xidmət iyulun 27-də Gəncə şəhəri ərazisində məcburi köçkünlər üçün salınmış qəsəbədə göstərilib.

Komitənin məsul işçiləri mövcud qaydalar əsasında, status sənədi almaq üçün müraciət etmiş 100 nəfər məcburi köçkünə vəsiqə təqdim ediblər. Onlardan bir nəfərinə - fiziki imkanları məhdud olan məcburi köçkünə vəsiqə evində təqdim olunub. Məcburi köçkün vəsiqəsi alanların 30 faizi özünün müvafiq statusunun təsdiq olunması üçün Komitəyə müraciət etmiş abituriyentlərdir.

Xatırladaq ki, "Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər barəsində müvəqqəti yaşayış sahəsi ilə, məşğulluqla, sosial və tibbi təminatla, təhsil hüququ, nəqliyyat və mənzil-kommunal, həmçinin vergi güzəştləri ilə təmin olunması kimi sosial müdafiə tədbirləri tətbiq edilir.

Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrində ödənişli əsaslarla təhsil alan məcburi köçkünlərin təhsil xərclərinin ödənilməsi haqqında” 2011-ci il 14 sentyabr tarixli Sərəncamına əsasən, məcburi köçkün statusu olan Azərbaycan Respublikası vətəndaşları təhsil müddəti ərzində təhsil haqqından azad edilirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.