MƏDƏNİYYƏT


Məcburi köçkünlər “Xocalı - bu olub” tamaşasına baxıblar

Bakı, 25 fevral, AZƏRTAC 

Fevralın 25-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Beynəlxalq Muğam Mərkəzində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ithaf olunan “Xocalı - bu olub” tamaşası nümayiş olunub.

Azərbaycan Dövlət Pantomima Teatrının hazırladığı tamaşanın nümayişindən əvvəl soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

AZƏRTAC xəbər verir ki, sonra Dövlət Komitəsinin sədri Rövşən Rzayev Ermənistanın işğalçılıq siyasətinin ağır nəticələrindən, xalqımıza qarşı törədilən amansız cinayətlərdən söz açıb, bu cinayətlərin cəzasız qalmayacağına, Xocalıda soyqırımı törədənlərin ədalət mühakiməsi və uca tanrı qarşısında cavab verəcəklərinə əminliyini ifadə edib. Qeyd olunub ki, müstəqil və güclü Azərbaycan dövləti işğala son qoyaraq öz ərazi bütövlüyünü bərpa etməyə qadirdir və bunu mütləq edəcəkdir.

Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı keçirilən panel müzakirələrdə mövcud status-kvonu dəyişməz olaraq saxlamağın mümkünsüzlüyü barədə bir daha bəyanat verib.

Azərbaycan həqiqətlərinin incəsənətin bəşəri dili ilə bütün dünyaya çatdırılmasının vacibliyinə toxunulub. Dövlət Pantomima Teatrının bu sahədəki yaradıcılıq təşəbbüsü yüksək qiymətləndirilib.

Teatrın istedadlı kollektivi Xocalıda 1992-ci il fevralın 26-da erməni işğalçılarının dinc azərbaycanlı əhaliyə qarşı həyata keçirdikləri soyqırımı barədə həqiqətləri incəsənətin qədim növlərindən olan sözsüz teatr oyunu – pantomima estetikası ilə təqdim edib.

Məcburi köçkün icmalarının nümayəndələri tamaşanı maraqlı izləyib, aktyorların məharətini dəfələrlə alqışlayıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.