CƏMİYYƏT
Məcburi köçkünlər doğma yurda qayıdışla bağlı fikirlərini bölüşür VİDEO
Bakı, 21 aprel, AZƏRTAC
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi işğaldan azad edilmiş ərazilərdə, ata-baba yurdlarında yaşamağı, qurub-yaratmağı planlaşdıran məcburi köçkünlərin fikir və duyğularının yer aldığı videoçarxlar hazırlayır.
Komitənin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, videoçarxlarda həmvətənlərimiz hər zaman Prezident İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın diqqət və qayğısı ilə əhatə olunduqlarını bildiriblər. Qeyd ediblər ki, dövlətimizin başçısının rəhbərliyi ilə məcburi köçkünlərin geri qaytarılması üçün işğaldan azad olunan ərazilərdə həyata keçirilən kompleks tədbirləri yaxından izləyirlər. Onlar görülən işlər nəticəsində tezliklə oranın məcburi köçkünlərin layiqli yaşayışı üçün əlverişli vəziyyətə gətiriləcəyini ifadə ediblər.
Videoçarxlarda müxtəlif peşə sahibi olan məcburi köçkünlər öz peşəsi barədə məlumat verib, fəaliyyətlərini bundan sonra işğaldan azad olunmuş yerlərdə davam etdirəcəklərini, doğma yurdlarının ən abad guşələrdən birinə çevrilməsi üçün gənclərin də dəstək verməsinin əhəmiyyətini diqqətə çatdırıblar.
Videolayihə əsasında çəkilişlər davam etdirilir.
Növbəti videoçarxda Zəngilan rayon sakini Bəhruz Ağalarov təəssüratlarını bölüşüb.